"Taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı böyük bir islahatın həyata keçirilməsi nəzərdə tutulub".
Bunu "Sherg.az"a nəqliyyat eksperti Rauf Ağamirzəyev sükan arxasında mobil telefondan istifadə edən sürücülərdən danışarkən deyib. Onun sözlərinə görə, islahat oktyabrın 1-dən işə düşəcək:
"İndiki mərhələdə təbliğata daha çox yer vermək lazımdır. Maarifləndirmə işləri aparılsa, elə islahatın bir hissəsi kimi, taksi fəaliyyəti ilə məşğul olanlar üçün tələblər sərtləşəcək. Cəza mexanizmi tətbiq ediləcək. Həm sosial video çarxlar, həm reklam posterləri paylaşmaq və daha çox insanın diqqətinə çatdırmaqla sürücülərə bu növ halların hansı risklərə gətirib, çıxaracağını bildirmək olar. Ona görə də yalnız təbliğata güc verək. Digər problemlər öz həllini tapacaq, hər şey öz axarına düşəcək".
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət olunub.
Müraciətdə deyilir:
“Bəzi sürücülərin sükan arxasında mobil telefondan istifadə etməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Hətta elə hallar olub ki, piyada keçidindən istifadə edən zaman fikri mobil telefona qarışan sürücü tərəfindən vurulub. Bu bir faktdır ki, avtomobil idarə edərkən telefonla zəng etmək, mesaj yazmaq və ya gələn zəngi, mesajı cavablandırmaq sürücünün diqqətinin dağılmasına səbəb olur və bu da qəzaya yol açır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə hazırladığı videoçarxı təqdim edir”.