Qarabağdakı mütəxəssislərə birdəfəlik müavinət: Təsirli addımlar atılır!

"Qarabağda işləyən mütəxəssislərə birdəfəlik müavinət verilməsi hər şeydən öncə Azərbaycanın sosial dövlət xarakterinə uyğundur. Nəzərə almaq lazımdır ki, dövlətimiz müxtəlif istiqamətlərdə vətəndaşların sosial rifahını təmin etməkdədir".

Bunu "Sherg.az"a millət vəkili Elşad Mirbəşiroğlu Qarabağda işləyən mütəxəssislərə birdəfəlik müavinətin verilməsini dəyərləndirərkən bildirib. Onun sözlərinə görə, xüsusilə də, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan mütəxəssislərimizin sosial-iqtisadi qayğılarının həlli istiqamətində atılan addımlar bütövlükdə Qarabağda quruculuq və məskunlaşdırma işlərinin keyfiyyətinə birbaşa təsir göstərir:

"Bir vaxtlar həmin ərazilərdə həyat tamamilə dayanmışdı. Qarabağda məskunlaşma prosesinin həyata keçirilməsi üçün ilk növbədə, Prezidentimizin strateji baxışları əsasında çoxistiqamətli, uğurlu fəaliyyət reallaşdırılmaqdadır. Təkcə sosial-iqtisadi rifahın təmin olunması, yaşayış məskənlərinin yaradılması deyil, həmçinin həmin ərazilərin indi və gələcək təhlükəsizlik problemlərinin həllində də təsirli addımlar atılmaqdadır. Eyni zamanda orada məskunlaşan mütəxəssislərimizin birdəfəlik ödənişlərlə təmin edilməsi işçi qüvvələri üçün cəlbedici amil rolunda çıxış edəcək. Azərbaycan qabaqcıl təcrübələrdən öz reallıqlarına uyğun və səmərəli şəkildə istifadə etməyi bacaran dövlətdir. Müxtəlif coğrafiyalarda oxşar təcrübələr tətbiq edilməsinin yaxşı effekti olub. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq, çalışan mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə atılan bütün addımlar mütləq şəkildə müsbət nəticəni şərtləndirəcək. Eyni zamanda bütün bunlar həyat şəraitinin daha sürətli və keyfiyyətli bərpa olunmasına yardım edəcək. Azərbaycan dünyanın ən səmərəli sosial dövlətlərindən biri olduğunu məhz bu cür addımları ilə sübut edir".

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq, işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.