Nazir: "Ötən illə müqayisədə üç dəfə çox iştirakçı yarışa qatılıb"

"Ötən illə müqayisədə üç dəfə çox iştirakçı yarışa qatılıb. Bu da bizi sevindirir".

"Report"un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov “Kürü keçək?!" adlı turnirlə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, artıq ikinci dəfə Mingəçevirdə eyni yarışın təşkil olunduğunu xatırladıb.

Nazir Pirallahıda da oxşar tədbirin gerçəkləşdiyini söyləyib: "Məqsəd bu idman növünün təbliği, insanların və əhalinin sağlamlığıdır. İnanıram ki, növbəti illərdə daha çox şəxs qatılacaq. Azərbaycanın müxtəlif rayonlardan insanları dəvət etmişdik. Əksəriyyəti bu məsafəni qət edərək sonadək üzə bildi. Bu, daha çox kütləvi tədbir hesab olunur. Əhalini idmana cəlb etmək məqsədilə bu cür tədbirlər keçiririk. Burada məqsədimiz peşəkar idmançılarla yarışmaq deyil. Podiumda müxtəlif yaşda olan insanlar, xanımlar var idi. Ata ilə oğul, nəvə ilə babanı da turnirdə görə bilərdiniz".