Triatlon üzrə Azərbaycan çempionatı ilə bağlı mətbuat konfrans keçirilib

Sentyabrın 3-də Mingəçevirdə təşkil olunacaq triatlon üzrə Azərbaycan çempionatı ilə bağlı mətbuat konfrans keçirilib.

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, tədbirə Azərbaycan Triatlon Federasiyasının nümayəndələri və iştirakçılar qatılıblar.

Azərbaycan Triatlon Federasiyasının baş katibi Seymur Hüseynov çıxışında Mingəçevirin gənclər paytaxtı elan olunduğunu xatırladıb və orada yarışların çoxluq təşkil edilməsini bununla əlaqələndirib.

Daha sonra federasiya nümayəndələri yarışla əlaqədar iştirakçılara məlumat verib, onları maarifləndiriblər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə baş tutacaq çempionat 10-13 yaşlılar (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km), 14-17 yaşlılar (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km), 18 yaşdan yuxarı (Gənc/U23/Elit - üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km) və komandalar (estafet - üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km) arasında keçiriləcək.