“TikTok”da “falçılıq”, “baxıcılıq” adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişdirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldanılması barədə polisə çoxsaylı müraciətlər daxil olub. Qeyd edilən qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən şəxs - 1985-ci il təvəllüdlü Fuad Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bununla bağlı "Sherg.az"a ilahiyyatçı-alim Elşad Miri deyib ki, sosial şəbəkələrdə "falçılıq" adı altında videolar paylaşması, canlı videoların açılması insanların öz azadlıqlarından asılı olan məsələdir:
"Kim yatdığı yerdə canlı açır, falçılıqla məşğul olur, özü bilər. Əsas odur ki, istifadəçilər aldanmasınlar. Allah insanlara ağıl, şüur, iradə verib".
Dəfələrlə efirlərdə bu mözvularda çıxışları olan, həkim-nevroloq Qalib Əsədov bildirib ki, təkcə sosial şəbəkələrdə yox, ümumiyyətlə, falçılıq, gələcəkdən xəbər vermək dələduzluq sayılır:
"Azərbaycanın cinayət məcəlləsində buna uyğun maddə var. İnsanların inamından istifadə edib, pullarını mənimsəmək olmaz. Dələduzluqla bağlı maddəyə əsasən, tədbir görülməlidir".