Sosial şəbəkə cinayətlərinə qarşı cəzalar sərtləşdirilməlidir! 

Sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub.

R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub.

Bu kimi hallarla bağlı hüquqşunas Vüqar Tumasov “Sherg.az”a danışıb. O bildirib ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib:

“Böhtan, təhqir olunan şəxslərin  hüququ, şərəf və ləyaqətinin qorunması cinayət məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən tənzimlənir. Sonra isə məhkəmə prosesi baş tutur.  Qeyd olunan maddələrin arxasında həbs cəzası və ya müəyyən cərimələr dayanır”.
V.Tumasov qeyd edib ki,  sosial şəbəkələrə nəzarət etmək çətindir:

“Hazırda hüquq mühafizə orqanları  məsələ ilə bağlı tədbirlər görür.  Yaxın zamanda tiktoker kimi məşhurlaşan bəzi şəxslər işlətdiyi  nalayiq ifadələrə görə həbs olunublar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilir ki,  xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslərin üsərində  zor tətbiq olunması ilə və yaxud özgənin əmlakının məhv edilməsi, zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək  cərimə tətbiq edilir. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Sözügedən cəza qanunları  pozan şəxslərə tətbiq edilməlidir. Nəzərə almaq lazımdır ki,  ictimaiyyətin yarısı sosial şəbəkə istifafəçisidir”.   

Ekspert həmçinin sosial şəbəkələrlə bağlı müəyyən məhdudiyyətlərin  olması təklifini irəli sürüb:

“Düşünürəm ki, pis və ya yaxşı  işlədilən hər bir ifadə uşaqların psixologiyasına  tez təsir göstərir.  16 yaşından aşağı uşaqların sosial şəbəkədən istifadəsinin əleyhinəyəm. Güclü tədbirlər görülür və belə halların qarşısı ən qısa zamanda alınacaq. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1 maddəsində göstərilir ki,  informasiya ehtiyatında və ya kommunikasiya şəbəkəsində yayılması qadağan edilmiş informasiyanın yerləşdirilməsinin qarşısı alınmalıdır. Bu məcəllədə kifayət qədər cəzalər müəyyənləşdirilib. Fiziki şəxslər 500-dən 1000 manatadək  cərimələnir.  Hesab edirəm ki, sosial şəbəkələrdə insanların şərəfinə xələl yetirəcək söz və ifadələri işlədən şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir”.

Səbinə Elmanqızı