İş yerlərində "iPhone"lar qadağan olunacaq? 

Çin hökumət rəsmilərinə iş yerində "iPhone"dan istifadə qadağan edilib. Bu haqda “Reuters“ agentliyi məlumat yayıb.

Bəs ölkəmizdə belə qadağalarla rastlaşa bilərikmi? 

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az”a açıqlamasında bildirib ki, məsələnin Azərbaycanla heç bir əlaqəsi yoxdur:

“Bu daha çox Çin, Amerika kimi güclü dövlətlərin bir-birlərinin məhsullarının qadağan etmə və öz məhsullarına təşviq yaratması üçün qarşı tərəfin məhsulunu “qaralama kompaniyasıdır”. Kiber-təhlükəsizlik, məlumatların oğurlanması kimi ciddi məqamlar var. Belə hallar “HUAWEI” və “İphone” markalı cihazlarda sıx baş verir. Sonra isə texnologiya yarışı gedir”.

Ekspert qeyd edib ki, hegemon  dövlətlər arasında baş verən yarışda Azərbaycan iştirak etmir:

“Başlıca məqsəd öz brend və texnologiyalarına maraq yaratmaqdır. Bir zamanlar G6 ilə müxtəlif bağlı fərziyələr var idi. Kimisi onun canlılar üçün zərərli olması, kimisi isə radiasiya təhlükəsi yaratması barədə danışırdı. Müəyyən müddət sonra yayılan məlumatların saxta xəbər olduğu ortaya çıxdı.  Çünki Ümumdünya Səhiyyə Təşkilatı, böyük assosiasiyalar bütün vəziyyətləri təhlil edirlər. Cihazlar laboratoriyalarda bütün testlərdən keçirlər. Bu tip qaralama kampaniyaları siyasi motivlər daşıyır. Azərbaycan kimi ölkələrdə dünya brendi olan cihazların istifadəsinin qadağan olunacağını düşünmürəm”.

Səbinə Elmanqızı