Vahid məktəbli formaları: Şərtlərdə dəyişiklik olmalıdır

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Əsas problem  vahid məktəbli forması idi. “Hardan almalı, necə almalı” kimi suallar valideynlər tərəfindən tez-tez səslənirdi.

 Elm və Təhsil Naziri Emin Əmrullayev  açıqlama verib ki, hər məktəbin vahid forması olmalıdır.

 Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan  Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, vahid məktəbli formasının tətbiqi haqda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı var və formalar 4 variantda mövcuddur:
“Hər məktəbin özünün pedaqoji şurasının qərarı ilə 4 formadan biri seçilir və  vahid  məktəbli geyimi kimi müəyyənləşir.  Dünyanın inkişaf etmiş təhsil ölkələrində məktəb sosial aura olaraq formanı özü müəyyənləşdirir.
Məktəbəqədər təhsildən tutmuş, universitetlər də daxil olmaqla ölkədə təhsil alanların sayı 1,6 milyondur.  Tək müəssisə 1-ci sinifdən 11-ci sinfə qədər şagird üçün forma tələbatını ödəyə bilməz. Şərtlərdə müəyyən qədər dəyişiklik olmalıdır. Qısaqol köynəklər 15 manat,  uzunqollar 25 manat dəyərindədir.  Bu sahədə qiymət bazarına nəzarət mexanizmi olmalıdır”.

Səbinə Elmanqızı