Ayıq sürücü yoxsa, əlavə problem? - RƏY

Bakıda kuryoz hadisə baş verib. Paytaxt sakini içikili olduğu üçün "ayıq sürücü" çağırıb. Ancaq çağırılan ayıq sürücünün də sərxoş olduğu üzə çıxıb.
Son zamanlarda taksi şirkətləri barəsində xoşagəlməz xəbərlər alırıq. Xüsusən də,  “ayıq sürücü”lərin yaratdığı bu hal bağışlanmazdır. İnsanların təhlükəsiz şəraitdə ünvanlarına çatmaq üçün istifadə etdiyi vasitə heç də şəffaf qaydalarla idarə olunmur. 

Ayıq sürücülərə nəzarət necə aparılmalıdır? 

Məsələ ilə bağlı “Sherg.az”a danışan  nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, kuryoz hadisənin baş verməsi gülməli olsa da, düşündürücüdür:
“Bu gün ayıq sürücü kimi əhaliyə xidmət edən  xeyli şirkət var.  Şirkət əməkdaşları müraciət edən şəxslərin nəqliyyatlarını idarə edərək onların təhlükəsizliyini təmin edirlər.  Təəssüflər olsun ki, işlər hər zaman qaydasında getmir. Zaman-zaman təhlükəli hadisələr baş verir. Eyni hadisələrin təkrarlanmaması üçün əlimizdən gələni etməliyik”.

Ekspert qeyd edib ki, son zamanlar avtomobil qəzaları çoxalıb, kifayət qədər narahatlıq törədən hallar var:
““Xırda” hadisələr bir-birinin üstələyir və ağır yol qəzalarına səbəb olurlar.  Qəzada kimisə ittiham etmək, günahlandırmaq asandır. Məsələ ilə  bağlı cavabdeh olan şəxslər özlərində məsuliyyət hiss etməlidirlər.  Belə hallarla qarşılaşmamaq üçün daha fəal olmalıyıq”.

Səbinə Elmanqızı