Bir qrup şəhid və qazi övladı məktəb ləvazimatları ilə təmin olunub

Sentyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Əkinçi ailəsi” İctimai Birliyi tərəfindən reallaşdırılan "Məktəbliyə dəstək Əkinçi çantası" layihəsi çərçivəsində xeyriyyə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə şəhid və qazi ailələri, ictimaiyyət nümayəndələri, təşkilat rəhbərləri iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən "Əkinçi ailəsi" İctimai Birliyinin təsisçisi və rəhbəri Emin Hacısoy təşkilatın həyata keçirdiyi və icra edilməsi nəzərdə tutulan layihələri barədə geniş təqdimatla çıxış edib: “Kiçik xeyriyyə cəmiyyəti olan "Əkinçi ailəsi" İctimai Birliyi hər zaman ən aktual mövzuları diqqətdə saxlayır, həssas təbəqələrdən olan vətəndaşların yanında olmağa çalışır, ölkəmizin çiçəklənməsinə, inkişafına töhfə verən aksiyalarda aktiv iştirak edir, əhalinin maarifləndirilməsi istiqamətində çağırışlar edir. Bir sözlə, bu ailənin hər bir üzvü Vətənimizə, xalqımıza fayda vermək üçün əlindən gələni əsirgəmir. Təşkilatın fəaliyyət istiqamətlərindən biri də şəhid ailələri, müharibə əlilləri və qazilərlə tez-tez bir araya gəlmək, onların problemlərinin həllinə dəstək göstərmək, şəhidlərimizin adının əbədiləşdirilməsində yaxından iştirak etməkdir. Budəfəki addımımız da çox vacib bir məsələyə həsr olunub. Kiçik bir ailə olaraq Bilik Günü ərəfəsində bir qrup şəhid və qazi övladını məktəbli ləvazimatları ilə təmin etməyi hədəfləmişik. Sevindiricidir ki, ailəmizə üzv olanların sayı da getdikcə artır. Bu da gələcəkdə daha böyük və genişmiqyaslı tədbirlər keçirməyimizə imkan yaradacaq".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Vətən müharibəsi şəhidi Rövşən Nuruzadənin atası aktyor, Xalq artisti Əli Nur, Tatarıstanda Azərbaycan Diasporunun rəhbəri Sərraf Kərimov, "Qarabağ itkin ailələri" İctimai Birliyinin sədri Könül Behbudova və başqaları Azərbaycanda xeyriyyəçilik ənənələrindən, xalqımızın maarifləndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Bildirilib ki, xeyriyyəçiliyin ən mühüm istiqamətlərindən biri də təhsil almaq istəyənlərə yardım etmək, onların faydalı vətəndaş kimi yetişməsində pay sahibi olmaqdır. Ölkəmizdə tarixin müxtəlif dövrlərində çətin şərtlərə baxmayaraq, gənclərin təhsil almasında, maarifləndirilməsində Həsən bəy Zərdabi kimi ziyalıların rolundan bəhs edilib, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə nəzərəçarpan addımların atıldığı vurğulanıb. Qeyd olunub ki, hazırda həmin savadlı kadrlar həm Azərbaycanda elmin inkişafına töhfə verir, həm də xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərdən də söz açan natiqlər torpaqlarımızın bütövlüyü uğrunda canından, qanından keçənlərin ehtiramla yad olunduğunu, şəhidlərimizin xatirəsinin əbədiləşdirildiyini, dövlətimizin şəhid ailələri, qazilər və müharibə əlillərini daim diqqətdə saxladığını bildiriblər. Çıxış edənlər şəhid ailələri və qazilərə hər bir vətəndaşın da dəstəyini əsirgəməməsinin vacibliyini vurğulayıblar.

Sonra "Məktəbliyə dəstək Əkinçi çantası" layihəsi çərçivəsində bir qrup şəhid və qazi övladına yeni tədris ilinin başlanması ilə əlaqədar məktəb ləvazimatları təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, tədbir zamanı, həmçinin Ümummilli Lider Heydər Əliyevə, Həsən bəy Zərdabiyə və təşkilatın gördüyü işlərə dair videoçarx nümayiş etdirilib.