İnsanı oğurluğa nə vadar edir?  - Psixoloq danışır...

Bakı sakini ayrı-ayrı ünvanlardan velosiped oğurlayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı ünvanlardan velosipedlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qılman Dadaşov saxlanılıb.

Maraqlıdır ki, insanı velosiped oğurlamağa nə vadar edə bilər? Şəhərin bir sıra yerlərində ucuz qiymətə velosiped kirayəsi təklif olunur.  Velosiped maşın qədər funksional  bir vasitə deyil ki, onu qaçırmaq istəsinlər. Bu qədər velosiped satışa, yoxsa  söküb hissələrə bölmək üçün lazımdır? O da ola bilər ki, həmin insan daxilən oğurluğa meyillidir. 

Yəni oğurluqların səbəbi psixoloji amillər ola bilərmi? 

Mövzuyla bağlı psixoloq Aynur İskəndərova "Sherg.az"a  danışıb. O bildirib ki, psixologiyada “kleptomaniya” adlı bir xəstəlik var:

“İnsan kiçik, çox da dəyərli olmayan xoşu gələn əşyaları oğurlayır. Amma şübhəli bilinən insanı dindirmədən, motivinin nə olduğunu bilmədən bir söz demək olmaz. Əvvəl də məhkum olduğunu düşünsək, sırf maddi ehtiyac üçün oğurladığını düşünə bilərik.  Dəqiq proqnoz qoymaq üçün şəxsin hansı səbəbdən məhkum olduğunu öyrənmək lazımdır”.

Səbinə Elmanqızı