Azərbaycan Gürcüstanda uşaq bağçası inşa etdi

Azərbaycanla Gürcüstan arasındakı mehriban qonşuluq və dostluq, strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə inkişaf edir və daha da möhkəmlənir. Bu gün Gürcüstanın Saqareco rayonunun Yor Muğanlı (Qaraçöp) kəndində Azərbaycanın vəsaiti hesabına “SOCAR Georgia” şirkəti tərəfindən inşa edilmiş uşaq bağçası istifadəyə verildi. Hesab edirəm ki, bu hadisə ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın bütün sahələrdəki inkişafının əyani sübutudur.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanda səfərdə olan Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında Türkiyədən sonra ikinci yerdədir. Azərbaycan ilə Gürcüstan arasında ticarət əlaqələri də genişlənir:

“Ölkələrimiz arasında əlaqələr parlamentlər səviyyəsində də uğurla inkişaf edir. Ümid edirəm ki, dostluq və mehriban qonşuluq münasibətlərimiz bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək. Bu əlaqələr inkişaf etdikcə Gürcüstanda yaşayan soydaşlarımızın rifah halı daha da yaxşılaşacaq”.