Füzulidə 30 ildən sonra ilk tədris ilinin zəngi çalınıb, nazir mərasimdə iştirak edib - YENİLƏNİB

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yeni tədris ilinə start verilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, mərasimə elm və təhsil naziri Emin Əmrullayev də qatılıb.

Bundan başqa, işğaldan azad edilən Füzuli şəhərində ilk tədris ilinin açılışında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, elm və təhsil nazirinin müşaviri Tural Ayvazlı, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, nazirliyinin digər əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, müəllimlər, ictimaiyyət nümayəndələri, media qurumlarının rəhbərləri iştirak ediblər.