Hər bir "SMS"i  araşdırmaq lazımdır

Dələduzlardan qorunmağın tək yolu maariflənmədir

 Son vaxtlar müxtəlif internet resursları vasitəsilə Azərbaycan vətəndaşlarına xüsusi texniki üsullarla hazırlanmış və zərərverici ilə yoluxdurulmuş şəkil, video və digər formatlarda fayllar göndərilir.
  
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Vətəndaş həmin faylı yüklədikdən sonra faylın daxilindəki zərərli kod icra olunaraq, vətəndaşın cihazı zərərverici ilə yoluxdurulur. Nəticədə vətəndaşın fərdi məlumatları ələ keçirilir.
 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən şəkil, video və digər faylları cihazlarına yükləməməyi tövsiyə edir.
  Texnobloger Fərid Pərdəşünas isə  sosial media hesabında bu məsələ ilə bağlı əhalinin narahatlığından danışıb. O deyib ki, son zamanlar vətəndaşların votsap və digər onlayn platformalardakı hesablarının ələ keçirilməsi halları müşahidə edildiyindən ölkənin mobil operatorları ilə birgə maarifləndirici sms-lərin göndərilməsinə başlanılıb. Bir çoxları isə ETX-nin  SMS vasitəsilə göndərdiyi mesajı doğru anlamayıb: "Qeyd etmək istəyirəm ki, gələn mesaj rəsmidir və heç bir təhlükə doğurmur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşların bu mövzularda maarifləndirilməsini və təhlükəsizliyini təmin edən dövlət qurumudur. Məsələyə bu qədər həssas yanaşmağınız təqdirəlayiqdir. Hər bir "SMS"i belə dəqiqliklə oxumaq və araşdırmaq lazımdır. Dələduzlardan qorunmağın tək yolu maariflənmədir”.