Bunun analıq məzuniyyətinə nisbətən bir neçə ay çəkməsinə gərək yoxdur
BMT ödənişli atalıq məzuniyyətinin qanunvericiliyə salınmasını tövsiyə edib. BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv Edilməsi üzrə Komitəsi 14 günlük ödənişli atalıq məzuniyyətinin qanunvericiliyə daxil edilməsinin sürətləndirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyə verib.
Tövsiyədə qeyd edilib ki, məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsini, eləcə də məsuliyyətli atalığı təşviq etmək, Əmək Məcəlləsinə 14 günlük ödənişli atalıq məzuniyyətinin daxil edilməsi ilə bağlı dəyişiklik layihəsinin qəbulunu sürətləndirmək üçün ünvanlı tədbirlər, o cümlədən maarifləndirmə tədbirləri görülməlidir.
Mövzu ilə bağlı "Sherg.az"a danışan hüquqşünas, Əkrəm Həsənov ölkəmizdə bu addımın atılmasına ehtiyyac olduğunu bildirib:
"Atalıq məzuniyyətinin analıq məzuniyyətinə nisbətən bir neçə ay çəkməsinə gərək yoxdur. Bu qısa dövr aralığında olmalıdır. Çünki analıq məzuniyyətinin səbəbləri və məsuliyyəti bəllidir. Orda sosialdan çox fiziki amillər mühümdür. Burada yenicə dünyaya uşaq gətirmiş ananın psixoloji durumu nəzərə alınmalıdır. Beləki, ana bu psixoloji vəziyyətin öhdəsindən tək gələ bilməz. Bu sosial cəhətdən də vacibdir. Hər hansı ev işlərində ailə başçısı müəyyən qədər xanımına kömək etməlidir. Nəzərə almaq lazımdır ki, qadınlarda doğuşdan sonra, depressiyaya düşmə hallarına rast gəlinir. Bu halda evin kişisinin işdə məşğul olması düzgün deyil. Bəylərə də haqsızlıq etmək olmaz. Çünki pul qazanıb uşağın bütün maddi xərclərini ödəmək məcburiyyətindədir. Ödənişli atalıq məzuniyyətinin tətbiqi gənc ailələrə maddi cəhətdən göstərilmiş yardım kimi də dəyərləndirmək olar".