Məşhur azərbaycanlı alimlə növbəti görüş  - Fotolar

Dünyada Azərbaycanı böyük elmin gücü ilə təmsil edən, mexanika və aerokosmik mühəndislik sahəsində tanınan alim, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev (Avey) Azərbaycan Diaspor Komitəsinin dəvətiylə Bakıdadır. 

Tanınmış alim oktyabrın 2-6-da Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edir. Uzun illər xaricdə yaşayan, elmi nailiyyətləri ilə seçilən A.Sofiyev səfər müddətində bir sıra ali məktəblərdə professor, müəllim və tələbə heyəti ilə görüşlər keçirir, konfranslar verir. 



"Yeni nəsil kompozitlər: Modelləmə, tətbiqlər və prespektivlər" adlanan növbəti görüş bu gün Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində keçirilib. Görüşü bu ali məktəbin elmi işlər üzrə prorektoru, professor Nigar Aslanova açaraq Abdulla Sofiyevin elmi fəaliyyətinin müxtəlif istiqamətləri barədə geniş məlumat verib, alimin son illər əldə etdiyi  elmi nailiyyətlərdən danışıb. Elmi diskussiya şəraitində keçirilən görüşdə N.Aslanova sözü öncə A.Sofiyevə verib. 
A.Sofiyev universitetin alim, tələbə və müəllim heyəti qarşısında 1996-cı ildən Türkiyədən başlayan elmi araşdırmalarından, dünyanın  müxtəlif ölkələrində keçirdiyi elmi konfrans və simpoziumlardan, uğurlarının Azərbaycan alimləri, elm-təhsil müəssisələri ilə birgə paylaşmasından bəhs edib. 
Elmi terminoloji və akademik üsuldan bəzən kənara çıxaraq sadə dillə dünyanın mühəndislik və aerokosmik mühəndislik sahəsində qarşıda duran vəzifələrə və problemlərə fərqli baxış sərgiləyən A.Sofiyevə auditoriyadan suallar ünvanlanıb. AZMİU-nun professorları Ramiz İsgəndərov, Etimad Eyvazov, İsmayıl İsmayılov A.Sofiyevin elmi-tədqiqat işlərinin müxtəlif tərəfləri, dəqiq nəticələrin əldə olunması, nanotexnologiyaların tətbiqi sahəsində yanaşmaları ilə maraqlanıb və suallar ünvanlayıblar.
Professor Yusif Həsənov Azərbaycan elmini dünyada uğurla təmsil etdiyindən dolayı A.Sofiyevə təşəkkürünü bildirib, bütün dünyanın Azərbaycanı öz sərhədlərini bərpa etdiyindən sonra hərbi zəfərini qəbul etdiyini vurğulayan Y.Həsənov qeyd edib ki, indi bu missiya alimlərin, ziyalıların öhdəsinə düşür.
Qeyd edək ki, professor A.Sofiyev (Avey) "Beynəlxalq mexanika" jurnalının redaksiya heyətinin üzvüdür. 13 magistr və 5 elmlər doktoru yetişdirib. 300-dən artıq fundamental elmi məqaləsi mühəndislik, nanomaterial, kompozitlər, tətbiqi riyaziyyat və fizika jurnallarında çap olunub. Məqalələrinin 165-i çox mötəbər beynəlxalq (SCİ) jurnallarında işıq üzü görüb.
Türkiyənin bir çox universitetlərində və Almaniyanın Karleruhe Universitetinin Texniki Mexanika İnstitutunun elmi layihələrdə iştirak edən A.Sofiyev TUBİTAK və NATO dəstəkli layihələrdə uğurla iştirak edib.