Peyğəmbər diri öldürməyə qoymadı, indi ana bətnində tələf edirlər - Selektiv abortlar...

“Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı bildirib.

O bildirib ki, ölkəmiz 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini artıq üstələyib: 

“Bütün selektiv abortlar kriminal abortlardır. Bununla Cinayət Məcəlləsinin qapısı açılır.
Həmçinin bir məsələyə də diqqət çəkmək istəyirəm. 2008-ci ildə Dövlət Statistika Komitəsi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birgə araşdırma aparmışdıq. O zaman qadın respondentlərin 30 %-dən yuxarısının zorakılığa məruz qaldığını öyrənmişdik. Təəssüf ki, bu araşdırma o vaxtdan bəri aparılmayıb. 2024-cü ildə biz yenidən bu araşdırmanı aparmaq niyyətindəyik və nəticələri ictimaiyyətə açıqlanacaq”.

Mövzu ilə bağlı psixoloq Elmir Əkbər "Sherg.az"a bildirib ki, bu göstəricinin əsas səbəbi Azərbaycanda qadınlara, qızlara qarşı olan neqativ münasibətdir: 

 "Hətta yuxuda oğlan uşağı görmək xeyirə, qız uşağı şərə yozulur. Bu məsələ artıq bizim genetik alt şüurumuza, kollektiv şüursuzluğumuza hopub. Heç bir kişi istəmir ki, qızına qarşı pis münasibət göstərsin. Amma öz həyat yoldaşına, gəlininə qarşı pis münasibət göstərirlər. Nəticədə insanlar qız övladlarını istəmirlər. Həmçinin atalar sözlərimiz, deyimlərimiz, hamısı bu mövzudadır. "Qız yükü duz yükü" yəni, ağır çəkilməz, dərtli-sərli deməkdir. Qız uşaqlarına ikinci sort kimi baxılır. Müsəlman cəmiyyətində selektiv abort dəhşətdir. Keçmişdə ərəblər qızları diri-diri basdırırdılar. Məhəmməd Peyğəmbər buna görə mübarizə apardı. Heç olmasa bu adətin qarşısını ala bildi. Ancaq müasir dövrdə qızları ana bətnində olan zaman tələf edirlər. Bu övlad qatili olmaq deməkdir. Bu acınacaqlı vəziyyət olsa da, günümüzün reallığıdır".