Bakıda kommunal idarənin əməkdaşını avtomobil vurub.
Globalinfo.az xəbər verir ki, Heydər Əliyev prospektinin Aeroport şosesi kimi tanınan hissəsində avtomobil süpürgəçi qadını vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli sorğumuza cavab olaraq bildirib ki, hadisəni “Fiat Doblo” markalı avtomobil törədib: “Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır. Hadisəyə hüquqi qiymət veriləcək”.
Hadisəni "Sherg.az"a dəyərləndirən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı söyləyib ki, il ərzində bir neçə belə hadisənin şahidi oluruq:
“Hadisələr əsasən yüksək sürətli, magistral tipli yollarda baş verir. Bu baxımdan həmin ərazilərin təmizliyini xüsusi texnikalarla həyata keçirmək, bura daha gənc, çevik əməkdaşlar cəlb etmək olar. Yaşlı qadınların iş qabiliyyəti qəzadan xilas olmağa imkan vermir. Onların qorunması üçün işıqqaytarıcı elementləri olan jiletlər verilirdi. Bu jiletlər yenilənmir. Hətta bu geyimləri çoxu istifadə etmir. Ona görə bu barədə aidiyyatı qurumlar, əsasən də Bakı İcra Hakimiyyəti və Rayon İcra Hakimiyyətləri tədbir görməlidir. Ucuz işçi qüvvəsi olsun deyə yaşlı insanları təhlükə altına atmaq olmaz. Təhlükəli yerlərə bu yaşda insanları işə cəlb edənlərin də məsuliyyəti olmalıdır. Bir sözlə, təhlükəsizlik təmin edilməlidir".