Tanınmış araşdırmaçı-jurnalist, "Çapar" dərgisinin baş redaktoru Dilqəm Əhmədin "Cümhuriyyət Bayrağı" kitabı işıq üzü görüb.
Kitabın "Nar" şirkətinin dəstəyi ilə işıq üzü gördüyünü söyləyən Dilqəm Əhməd "Sherg.az" a bildirib ki, Bayraq Günündə-9 noyabrda "Libraff" mağazasında elm adamlarının, oxucuların iştirakı ilə kitabın təqdimatı keçirilib:
"Professor Solmaz Rüstəmova-Tohidi, doçent Qərənfil Dünyaminqızı, tarixçi Əkbər Nəcəf, "Füyuzat" jurnalının baş redaktoru Mübariz Yunuszadə, politoloq Dr. Orxan Vəliyev təqdimatda çıxış etdilər. Bu il həm Azərbaycan Cümhuriyyəti Bayrağının qəbul edilməsinin 105 yaşı idi, həm də Xankəndi, Xocalı, Xocavənddə ucaldılması hadisəsi olmuşdu. Buna görə də müzəffər bayrağımızın 9 noyabr 1918-dən 15 oktyabr 2023 tarixinə qədər keçdiyi yolu yazmağı qərara aldıq. Nəticədə bu kitab ərsəyə gəldi. Kitabda bayrağımızın Cümhuriyyət, mühacirət dövründəki tarixi, eləcə də Sovet-qadağan günlərindəki vəziyyəti haqqında bir-birindən maraqlı materiallar verilib. Məsələn, mühacirət dövründə uzaq Argentinanın paytaxtında Azərbaycan Bayrağının ucaldılması kimi faktlar yer alıb. Eləcə də Tehranda yaşayan müsavatçıların bayraqlı fotoşəkili ilk dəfə olaraq verilib. Həmçinin mühacirəti dolanıb yenidən Vətənə qayıdan bayraqlar haqqında bilgilər təqdim edilib. Düşünürəm ki, əhatəli bir əsər ərsəyə gətirə bilmişəm".