Yeni planda əsas məqsəd əhalinin 70 faizini ictimai nəqliyyata yönəltməkdir
Paytaxtda fərdi nəqliyyat vasitələrinin hərəkətinə yaxın zamanda məhdudiyyət yarana bilər. Məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirıliyi "Boston Consulting Group"la məsləhətləşmələr aparır. İdarəçilik sahəsində məsləhətlər verməkdə məşhurlaşmış bu şirkətlə ictimai nəqliyyatın çəkisinin necə artırılması yönündə danışıqlar aparılır. Deyilənə görə, adıçəkilən şirkətlə birgə layihə işlənəcək. Hazırda fəaliyyətdə olan və əhalinin ən çox istifadə etdiyi “Bolt”, “Uber”, “Yango” taksi xidmətlərinin bütün dataları şirkətə verilib. Taksilərə ən çox günün hansı saatlarında ehtiyac yaranır, sifarişlər daha çox hansı saatlarda alınır, hansı istiqamətlərə daha çox hərəkət edilir və sair məlumatlar toplanaraq araşdırılır. İlkin araşdırmalarda məlum olub ki, paytaxt əhalisinin 40 faizi şəxsi avtomobillərdən istifadə edir, 12 faiz isə taksi xidmətindən. Bu isə ümumilikdə 52 faiz edir ki, bu da dünya praktikasında qəbul olunmayan göstəricidir. İnkişaf etmiş ölkələrdə bu faiz göstəricisi 20-30 aralığındadır. Yəni həmin şəhərlərdə əhalinin 70 faizi ictimai nəqliyyatdan istifadə edir, bizdə isə cəmi 58 faiz. RYTN isə bu göstəricini yaxın gələcəkdə azaltmaq niyyətindədir. Hansı vasitəylə? Hazırkı duruma baxsaq, bu, o qədər də asan olmayacaq. Əlbəttə, radikal və məqsədyönlü addımlar atılmazsa. Paytaxtın ictimai nəqliyyat problemi indiyədək dəfələrlə müzakirəyə çıxarılıb, gözə görünən real bir nəticə hələ ki yoxdur. Sərnişin avtobusları tıxaclarda vaxt itirməkdə, səhər işə tələsən, axşamsa evinə getmək istəyən insanlar da taksi sifariş etməkdədir. Şəxsi avtomobilləri ilə yola çıxanların böyük çoxluğunu görmək üçünsə körpülərə, avtomobil yollarına “quş baxışı” nəzər yetirmək kifayətdir. RYTN bu problemin öhdəsindən necə gələcək? Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az"a açıqlamasında bildirdi ki, əsas məqsəd şəhərdə mobilliyi artırmaq, xidmətlərin, insanların sərbəst hərəkətini təmin etmək olmalıdır:
E.Cəfərov qeyd etdi ki, ictimai nəqliyyatın ümumi çəkisini artırmaq üçün avtobus marşrutlarının, eləcə də, sərnişin avtobuslarının sayının artırılmasına ehtiyac var:
- Bu işlər planlı şəkildə aparılmalıdır. Hansı ərazilərdə ki avtobus marşrutları azdır, o ərazilərə marşrut xətləri ayrılmalıdır. Avtobuslar isə günün pik saatlarında xəttə artıq sayda buraxılmalıdır ki, basabas olmasın, insanlar rahat bir şəkildə işə gedib-gələ bilsinlər. Daha bir vacib məqam avtobus zolaqlarının çəkilməsi və onlara ciddi nəzarətdir. Şəhər nəqliyyatını çoxnövlü etmək də vacibdir.