Son illərin oyuncaqları demək olar ki, heç bir funksiya daşımır
Oyuncaqların uşaqların sağlamlığı ilə yanaşı, psixologiyasına təsiri də önəmlidir. Bayramlarda, əlamətdar günlərdə, xüsusən də yeni il şənliklərində uşaqlar hər növ, eləcə də, müxtəlif heyvan və cizgi filmi qəhrəmanlarının obrazlarını təcəssüm etdirən maskalardan istifadəyə maraq göstərir. Hazırda bayramqabağı bu cür maskaların satışı da artıb. KONKRET.az xəbər verir ki, dermatoloq Kənan Əhmədovun sözlərinə görə, maskalar uşaqların dərisinə allergik təsir göstərə bilər: “Bu tip maskaların dəriyə təması nəticəsində uşaqlarda allergik kontakt dermativ xəstəliyi əmələ gələ bilər. Rəngləndirici maddələrin içərisində qurğuşun materialı var. Həmin o qurğuşun metallar uşaqların sağlamlığına birbaşa təsir göstərir. Ona görə də oyuncaq alarkən mütləqdir ki, valideynlər sertifikat tələb etsinlər”.
Ekspertlər onu da qeyd edib ki, Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkəyə gətirilən məhsulların keyfiyyət sertifikatı olmadan bazara çıxarılması qəti qadağandır.
Sağlamlıqdan əlavə, maskalar təcəssüm etdirdikləri obrazlara görə uşaqların psixikasına da təsir edir. Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az"a açıqlamasında qeyd etdi ki, maskaların hansı mesaj daşımasının əhəmiyyəti böyükdür:
F.Mehmanqızı qeyd etdi ki, qorxu filmləri və qorxunc cizgi flmi qəhrəmanları obrazlarında istehsal olunan oyuncaqlar uşaqların psixikasına mənfi təsir edir:
- "Huggi Wuggy" oyuncaqlarını yəqin görmüsünüz. Türkiyə Ticarət Nazirliyi bu oyuncaqların istehsalını dayandırmasına, satışda olanların da satışdan yığışdırılmasına qərar verdi. Nazirlik qərar verib ki, bu oyuncaqlar “Oyuncaqların Təhlükəsizliyi Qaydası” tələblərinə cavab vermir. "Huggy Wuggy", bilirsiz bəlkə də, iti dişləri ilə qorxu oyunu personajıdır, müxtəlif rənglərə boyanmış halda satılır. Eybəcər bir oyuncaqdır. Bu oyuncaqdan uşaq yaxşı nə əxz edə bilər. Eləcə də, digər qorxulu oyuncaqlar. Ümumiyyətlə, son zamanlar istehsal edilən oyuncaqlar sanki uşaqları qorxutmaq üçündür, onlarda xoş hisslər yaratmaq üçün yox. Çox kobud, qorxunc hazırlayırlar oyuncaqları. Maskalar da həmçinin. Qaniçən, vampir, “quru kafa” maskaları uşaqlarda heç bir ali hiss formalaşdıra bilməz. Bu cür maskalar dəb halını aldığından uşaqlar, məktəblilər müxtəlif bayram tədbirlərində, karnavallarda onlardan istifadə edir. Hər bir əşya bir funksiya daşıyıcısıdır. Qorxunc maskalar əlbəttə qorxutmaq, əzab vermək, yaralamaq, incitmək, işgəncə vermək funksiyası daşıyır. Bu cür maskalara meyl edənlərin yuxarı yaşlarda aqressiv, insafsız olacaqları ehtimalı böyükdür. “Aşıq gördüyünü çalar” məsəli əsassız deyil. Uşaq daha çox qorxu, vampirlərdən bəhs edən filmlərə baxırsa, onun psixikasında təcavüz, işgəncə motivləri daha dərin mövqe tutur. Sonra da səbəb axtarırıq ki, uşaqlar niyə aqressiyaya meyillidir, valideynlərinə, böyüklərə qarşı niyə bu qədər aqressiv və duyğusuzdurlar. Valideyn oyuncaq alarkən də, maska alarkən də bunun uşağın psixologiyasında hansı assosiasiyanı yaradacağını düşünməlidir və seçimini də buna görə etməlidir.