Bakıda Bolt sürücüsü ilə sərnişin arasında mübahisə yaşanıb. Bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Görüntülərdən aydın olur ki, sürücü avtomobili ikinci ünvana sürməyəcəyini deyərək, müştərini düşürtmək istəyib. Lakin sərnişinlər buna etiraz ediblər və nəticədə mübahisə yaranıb.
Qeyd edək ki, bu kimi hallar ilk dəfə yaşanmır. Dəfələrlə sosial şəbəkələrdə taksi şirkəti ilə bağlı oxşar məzmunlu şikayətlər barədə videolar yayılır. Sakinlər sürücülərin kobudluğundan, maşınların vəziyyətindən və s. tez-tez narazılıq edirlər.
Məsələyə münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, taksi fəaliyyəti ilə bağlı ara-sıra yaşanan narazılıqlar müzakirəyə səbəb olmaqla bərabər diskussiyalar da yaradır:
"Burada əsas problem vətəndaş və sürücü münasibətinin korlanmasıdır. Əvvəl belə hallar daha çox avtobus sürücüləri ilə sərnişinlər arasında yaşanırdı. Ancaq tədricən problem aradan qalxdı. Bu səbəbdən də müəyyən tənzimləmələr olmalı və nəzarət gücləndirilməlidir. Bu təşkil olunmadıqda isə belə vəziyyətlərin sayı durmadan artacaq. Onu da nəzərə almaq lazımdır ki, taksi sürücüləri ehtiyacını ödəmək üçün 10-12 saat, bəzən daha çox işləmək məcburiyyətində qalırlar. Həttə, bəziləri işdən sonra əlavə qazanc mənbəyi kimi taksi şirkətlərinə qoşulurlar. Bu iş gərginliyi də aqressiv davranışlara səbəb olur. Ona görə də tərəflər arasında qarşılıqlı anlaşma olmalıdır".