"Dincəlirəm, amma yorğunluğum çıxmır" - Nə etməli?

Ən azı 7-8 saat yatmaq şərtdir

Xroniki yorğunluq ciddi xəstəlikdir, getdikcə artır

“Bu sindromdan qurtulmaq üçün sağlam və balanslaşdırılmış qidalanmaq, təmiz havada çox vaxt keçirmək vacibdir”

  Stressli iş rejimi, gərgin həyat və psixoloji təzyiqlər insan sağlamlığına mənfi təsir göstərir. Bu səbəblə son illərdə tezliyi artan xəstəliklər arasında xroniki yorğunluq sindromu da var. Xroniki yorğunluq insanın davamlı olaraq özünü yorğun, bitkin hiss etməsi, sıxıntı yaşaması, dincəlməklə belə özünü yaxşı hiss edə bilməməsi kimi problemlərlə ortaya çıxan bir haldır.
  Doğrudur, gündəlik həyatda 8 saatlıq iş rejimindən sonra çox adamda yorğunluq yaranır. Ancaq bəzi insanlar heç nə etmədiyi halda da özünü yorğun hiss edir. Xroniki yorğunluq sindromu insanın özünü daim yorğun və bədbəxt hiss etməsi, istirahət edərkən belə özünü yaxşı hiss edə bilməməsi kimi problemlərlə ortaya çıxan bir vəziyyətdir. Diqqətin zəifləməsi, yuxu pozğunluğu, oynaq, əzələ, baş ağrıları və uzunmüddətli əzginlik hissi xroniki yorğunluğun əlamətləri sayılır. Keçmişdə bəzi insanlar xroniki yorğunluğun əsl xəstəlik olduğuna inanmırdılar. Lakin son illərdə mütəxəssislər bu sindroma daha ciddi yanaşmağa başlayıblar və bunun niyə baş verdiyini və müalicə üsullarını öyrənmək üçün araşdırma aparırlar.
  Həkimlərin fikrincə, xroniki yorğunluq insanın daim zəif, yuxulu və gündəlik işlərin öhdəsindən gələ bilməyəcəyi bir vəziyyətdir. İnsanların təxminən dörddə biri bu problemlə ümumi praktik həkimə müraciət edir. Ən çox 20-50 yaşlı insanlarda, əsasən qadınlarda müşahidə olunur. Xroniki yorğunluq sindromu yalnız uzun, düzgün istirahətlə aradan qaldırıla bilən yorğunluq deyil. Bu, tibbi yardım tələb edən bir xəstəlikdir. Əks halda problem xəstələrdə zaman keçdikcə daha da ağırlaşa və iş həyatını, hətta gündəlik həyatını sağlam şəkildə davam etdirməsinə mane olacaq səviyyəyə çata bilər.
  Xroniki yorğunluğun günümüzün ən aktual şikayətlərindən biri olduğunu vurğulayan nevroloq Elvin Niftəliyevin fikrincə, bu sindrom insanın gündəlik işləri yerinə yetirmək qabiliyyətinə təsir edə bilən ciddi bir xəstəlikdir.
  Nevroloqun “Sherg.az"a açıqlamasına görə, xroniki yorğunluq sindromundan əziyyət çəkən insanlar çox vaxt bundan xəbərsiz halda, soyuqdəymənin əlaməti hesab etdikləri - “çox yorulmuşam, halsızam", "bütün bədənim, əzələlərim ağrıyır", "dincəlirəm, amma yorğunluğum çıxmır", "nə qədər yatıram, yuxudan doymuram" ifadələri ilə şikayətlənirlər: “Lakin sürətlə inkişaf edən meqapolislər, dəyişən həyat tərzi, yaranan yeni texnologiyalar və onlara olan aludəçilik insanları informasiya bolluğunun yaratdığı bir burulğana salır. Həmçinin qidalanma rejiminin pozulması, qidaların keyfiyyətinin aşağı olması, şəhərlərdə sürətlə əhali artımı və bunun nəticəsində yaşıllıqların məhv edilməsi, bütün gün ərzində ofislərdə çalışan insanlarda yaranan oksigen çatışmazlığı, qan azlığı, il ərzində təkrarlanan virus infeksiyaları, xroniki xəstəliklər zamanı uzun müddət dərman vasitələrindən istifadə, fiziki əməyin azalmasını sindromun yaranma səbəbi kimi göstərmək olar.
Bu sindromdan qurtulmaq üçün sağlam və balanslaşdırılmış qidalanmaq, təmiz havada çox vaxt keçirmək, gecə yuxusunu tənzimləmək və ən az 7-8 saat yatmaq lazımdır. Əgər sindromun vaxtında qarşısı alınmazsa, bu, zehni əmək qabiliyyətinin zəifləməsinə, yaddaşın pozulmasına, infeksiyalara qarşı müqavimətin azalmasına, bir çox allergiyaya bənzər halların yaranmasına və ən sonda intellektual, psixoloji, cinsi pozğunluqlara səbəb ola bilər”.
  Həkimin sözlərinə görə, xroniki yorğunluq orqanizmdə gedən hansısa bir xəstəliyin, vitamin çatışmazlığının da əlaməti ola bilər: “Qalxanvari vəz, yaxud qan azlığı, fol turşusu, dəmir, kalsium, B12 və ya D vitamini çatışmazlığı olan insanlar da daimi yorğunluqdan şikayət edir. Hətta artıq çəkisi olanlar daha çox həmin problemdən əziyyət çəkirlər. Hansı xəstəlik xroniki yorğunluğa səbəb olursa, məhz ona qarşı müalicə tədbiri aparılmalıdır. Məsələn, bunun səbəbi qan azlığıdırsa, onu bərpa etmək, orqan narahatlığıdırsa, həmin orqanı müalicə etmək lazımdır”.