“Modanın dahisi”: 4 yaşında dərzi oldu, 5 yaşında moda nümayişi keçirdi

Dünyanın məşhur moda isimləri - Paolo Gucci, Marc Jacobs, Ralf Lauren və başqaları ilə birgə bu gün adı çəkilən, dəb diktə edən ünlülərlə bir cərgədə dayanan birisi də var ki, onun belə bir yüksəlişə nail olacağını kimsə ehtimal edə biməzdi. Bu şəxs 8 yaşında ikən Hollivud “ulduzu” Şeron Stoun onun tikdiyi pencəyi geyinib.
 “Sherg.az “Milliyet.com.tr”yə istinadən yaşının az olmasına baxmayaraq, moda dünyasını ayağa qaldırmağı bacarmış Maks Alexanderin istedadı haqqında məlumat verir. Maks 2016-cı ildə Kaliforniyada dünyaya gəlib. Atası kanadalı, anası isə amerikalıdır. Maks “Little Dolphins by the Sea” sənət-peşə yaradıcılıq yönümlü ibtidai məktəbi 2021-ci ildə bitirib. Təhsil aldığı müddətdə Vincent Van Gogh, Yayoi Kusama, Frida Kahlo və Alexander Calderin əsərlərindən təsirlənib. Məhz bu məktəbdə təhsil alması gələcəkdə onun məşhur sənətkar olmasını şərtləndirib. 4 yaşında olarkən anasına belə deyib: “Mən dərziyəm, mənə maniken lazımdır”. Anası Şerri Madison da dərzi olduğu üçün oğlunun bu istəyinə təəccüb etməyib və bu xəbərə çox sevinib. Anası oğlu üçün karton kağızdan maniken düzəldib. Maniken düzələr-düzəlməz Maks bir neçə parça götürərək tikişə başlayıb. Və ilk əl işi qadın geyimi olub. Bundan sonra Maks müxtəlif paltarlar, geyimlər tikməyə başlayıb, anasının köməyi ilə geyimlərə forma verməyə başlayıb. 2021-ci ildə isə “Couture to the Max” – Dərzi Maksın əl işləri - etiketi ilə istehsal etdiyi geyimləri satışa çıxarıb. Maksın ilk əl işləri bantları, toxunma tor parçaları, bəzək aksessuarlarını bir-birinə uyğunlaşdırmaq olub. Tikişi öyrəndikdən sonra isə bu bacarığını geyimlərin üzərində tətbiq etməyə başlayıb. Maraqlı burasıdır ki, Maks 5 yaşında olarkən hazırladığı geyimlərdən ibarət ilk moda nümayişi təşkil edib. Qazandığı pulla özünə tikiş maşını alıb və sifarişlər qəbul etməyə başlayıb. Maksın hazırladığı geyim nümunələrində Kaliforniya sahil mədəniyyəti əsas yer tutur. Okean, dəniz yosunu, dalğalar, sahil qumları.... Maksın hazırladığı  geyimlərdə əksini tapan təbiət mənzərələridir. Bu istedad Maksa nəsildən ötürülüb, demək də olar. Onun babası Kaliforniyada tanınmış parça ustası olub. Maks 2021-ci ildən bəri Fransa, Meksika, Braziliya, Almanya, Kanada və ABŞ-də müştərilərdən sifarişlər alır. Onun müştəriləri arasında Seron Stoun, Lola Andreoni və Bobs Dance Troup kimi məşhurlar var. Maks həm də aralarında Bob Mackie, Isaac Mizrahi və Kristian Siriano kimi moda ustalarının olduğu 3 milyonluq izləyiciyə malik sosial media hesabında davamlı paylaşımlar edir. Sosial media üzərindən etdiyi paylaşımlar sayəsində Maksın dünyadakı izləyicilərinin sayı hər gün artır.  Böyük dünyanın kiçik modaçısı Maks “niyyətim xanımlara xoş hisslər bəxş etmək, onları məmnun etməkdir”, deyib. Maks indi 7 yaşındadır. Ailəsiylə birlikdə Cənubi Kaliforniyada yaşayır. İstedadı getdikcə daha çox özünü büruzə verir. Valideynləri isə onun menecerliyini həyata keçirir.