Köhnə hamam, köhnə tas: Nömrəsiz motosikletlər yenə “at oynadır”

Sürücülük vəsiqəsi olmayanlar kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdır


  Ölkəmizdə qanunlar 18 yaşından aşağı şəxslərə avtomobil idarə etməyə icazə vermir. Buna baxmayaraq, bu gün yollarda 15-16 yaşlı uşaqların da maşın sürdüyünü görmək olur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sürücülük hüququ olmayan, eləcə də, yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsinə hələ də bəzi valideynlər tərəfindən icazə verilir. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə çağırış edib. Qurumdan bildirilib ki, sürücülük hüququ olmayan, eləcə də, yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir: "Zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir. Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həm də məktəblilərlə tez-tez maarifləndirici tədbirlər keçirilsə də, yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlərə rast gəlinir. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar. Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir. Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq". 
Qeyd edək ki, yetkinlik yaşına çatmayan uşaqlarla bağlı yollarda yaşanan tək problem onların sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsi deyil. Yaşı 18-dən az olan uşaqlar motosiklet idarə edərək yollarda qəza vəziyyəti yaradır. Bununla da, digər hərəkət iştirakçılarını, bəzən də özlərini təhlükəyə atmış olurlar. 
 
Mövcud problemin ölkəmizdə dərinləşdiyini vurğulayan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli "Sherg.az"a deyib ki, bu hal rayon və kəndlərdə daha geniş vüsət alıb: 
“Şəxsi müşahidələrim əsasında deyə bilərəm ki, yerlərdə hamının bir-biri ilə qohumluq, tanışlıq əlaqələri var, ünsiyyət imkanları Bakı ilə müqayisədə daha yaxşı olduğuna görə, yetkinlik yaşına çatmayan uşaqların avtomobil idarə etməsinə göz yumulur. Lakin  müvafiq qanunvericiliyin tələblərinə görə, sürücülük hüququ olmadan sükan arxasına oturan şəxslər kimliyindən və kimin övladı olmasından asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdır. 
  Qanuna görə, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxs DYP əməkdaşları tərəfindən saxlanılırsa, onun idarə etdiyi  nəqliyyat vasitəsi  Dövlət Yol Polisi üçün  nəzərdə tutulan  dayanacaqlara aparılır və həmin nəqliyyatın sahibinə qarşı  cərimə tətbiq olunur. Yetkinlik yaşına çatmayan şəxslər avtomobillə qəza törədib kiməsə xəsarət yetiribsə və ya ölüm halı qeydə alınıbsa, bu zaman həm nəqliyyatı idarə edən azyaşlı, həm də avtomobili ona verən şəxslər (valideyn və ya yaxın qohumları ola bilər) cinayət məsuliyyətinə cəlb olunur. 
Azyaşlı nəqliyyat  vasitəsini avtomobil sahibinin xəbəri olmadan qaçıraraq idarə  edibsə, bu zaman həmin uşaq İnzibati Xətalar Məcəlləsinin  və ya Cinayət Məcəlləsinin avtoxuliqanlıq, maşın qaçırma və qəza törətmə maddələri ilə  cəzalandırılmalıdır. Bu maddələr də “Yol Hərəkəti Qaydaları” və  Cinayət və İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb”.   
  Motosiklet istifadəçilərinə gəldikdə isə İ.Hüseynli deyib ki, onlar qaydaları pozduqları halda məsuliyyətdən yayınmaq üçün müxtəlif üsullara əl atırlar. Məsuliyyətdən yayınmaq üçün motosikletlərin dövlət nömrə nişanını çıxarırlar: 
“Əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur.  Halbuki sürücülük vəsiqəsi olmadığına görə 100 manat, dövlət nömrə nişanı olmadığına görə isə 60 manat cərimə müəyyən edilib: “Məlumdur ki, ölkəmizdə motosiklet idarə edənlər də avtomobil yollarından istifadə edirlər. Bu da mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin yaşanmasına səbəb olur. Xüsusilə,  son illər  motosikletlə kuryerlik edən gənclərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə edildiyindən həmin nəqliyyat vasitələrinə də  dövlət nömrə nişanlarının olması ilə bağlı tələb qoyuldu. Tanınma nişanları olmadığı üçün kameralardan asanlıqla yayındıqları üçün motosikletlə qəzalara səbəb olan şəxsləri məsuliyyətə cəlb etmək çətin olurdu.   Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik 2023-cü il  avqustun 1-dən etibarən qüvvəyə minib. Dəyişikliyə əsasən, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi inzibati məsuliyyət yaradır. 
  Eyni zamanda konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. Yeni qanundan sonra  moped sürücülərinin bir qismində məsuliyyət yaransa da, bir qisim moped istifadəçiləri hələ də  yolun sağ zolağı ilə hərəkət etmək əvəzinə, sol və ya orta zolaqda hərəkət etməklə qəza vəziyyəti yaradırlar. Həmin nəqliyyat vasitələrini idarə edənlərin əksəriyyəti də 15-16 yaşlı vətəndaşlardır”.