Tikinti şirkətlərinə “dur” deyən yoxdur -RƏY

Vətəndaşların hüquqları kobud şəkildə pozulur, şikayətləri eşidən orqan tapılmır
 
“Hətta qanunsuz olaraq onları mənzillərindən çıxararaq, zor tətbiq edir, əşyalarını evdən çıxarmalarına imkan vermirlər”


  Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev Milli Məclisin ötən iclasında tikinti şirkətlərinin özbaşınalığından, onların qanunsuz olaraq söküntü işləri aparması, əmlak sahiblərinin hüquqlarını kobud şəkildə pozması ilə bağlı kəskin fikirlər səsləndirib.
O, misal olaraq öz müavini, tanınmış jurnalist Elçin Mirzəbəylinin tikinti şirkətlərinin özbaşınalığından ziyan çəkdiyini bildirib.
  “Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, icazə almadan tikintiyə, söküntüyə başlayırlar. Onları dayandıracaq qurum da yoxdur.
Belə tikinti şirkətlərinin rəhbərlərinin gözlərini pul elə tutub ki, Allahdan belə qorxmurlar. Anlamırlar ki, Allah bir gün onlara qan qusduracaq. Müavinim Elçin Mirzəbəylinin həyat yoldaşının, baldızının adına olan evi heç bir kompensasiya ödəmədən söküblər. Mən bilirəm ki, bu, Ombudsmanın gücü çatacaq məsələ deyil, amma soruşmaq istəyirəm, siz nə təklif edirsiniz? Milli Məclisin məsuliyyəti nə qədərdir? Biz nə edək ki, bu vəziyyəti dəyişək?”.
  Bakupost.az-ın əldə etdiyi məlumata görə, Elçin Mirzəbəylinin ailə üzvlərinin evlərini sökən tikinti şirkəti “PİLOT-16”-dır.
Qanunsuz söküntü məsələləri ilə dəfələrlə gündəmə gələn bu tikinti şirkəti keçmiş deputat Əsabil Qasımova məxsusdur.
Məlumata görə, Elçin Mirzəbəylinin məsələsinə görə Q.Həsənquliyev keçmiş həmkarı ilə bir neçə dəfə danışsa da, nəticə əldə olunmayıb. Ona görə də partiya sədri bu gün ad çəkmədən bu problemi Milli Məclisdə qaldırıb.
  
 Bu sahədə ciddi problemlərin olduğunu vurğulayan əmlak eksperti Ramil Osmanlı "Sherg.az"a deyib ki, bununla bağlı kütləvi informasiya vasitələrində mütəmadi informasiyalar da əks olunur:

 “Buna qarşı mübarizə o qədər də ürəkaçan deyil. Bu baxımdan həmin şirkətlər ayrı-ayrı vaxtlarda vətəndaşların hüquqlarını kobud şəkildə pozur. Hətta qanunsuz olaraq onları mənzillərindən çıxararaq, zor tətbiq edir, əşyalarını evdən çıxarmalarına imkan vermir. Bunlara qarşı təəssüflər olsun ki, mübarizə metodları aparılmır”.  Ekspertin sözlərinə görə, indiki halda vətəndaşların sözügedən problemlə bağlı mübarizə metodları yalnız qanuni yollarla aparılan addımlardır: “Bunun hələlik yolu məhkəmələrdir. Təbii ki, ayrı-ayrı rəhbər şəxslərə, dövlət qurumlarına müraciətlər də müəyyən nəticələr verir. Amma bu nəticə həmişə olmur. Daha çox məhkəmə və ictimai qaydada mübarizə metodlarından istifadə daha səmərəli olar”.