Novruz bayramının gözəl xüsusiyyətləri HANSILARDIR?

Novruz bayramının gözəl xüsusiyyətləri:

1. Təmizlik işləri aparmaq, həyət - bacanı, yarpaq - xəzəli, zir - zibili toplayıb yandırmaq, xalça - palaz, kilim - gəvələri yumaq;

2. Müxtəlif növ yeməklər bişirmək, görkəmli süfrərlər açmaq. Yeniyetmələr böyüklərdən bu ərəfədə qədim adətləri, yemək növlərini öyrənir, bəzəkli süfrələr psixoloji baxımdan insanların əhval - ruhiyyəsini, həyat eşqini yüksəldir;

3. Küsülüləri barışdırmaq. İslam dininə görə də iki möminin 3 gündən artıq küsülü qalması günahdır;

4. Yumurta boyamaq. Səməni cücərtmək. Əsasən uşaqlara maraqlı və xoş gələn əməldir;

5. Ölüləri və diriləri ziyarət etmək, qohum - qonşu ilə bayramlaşmaq, sosial əlaqələrin aktivləşməsi;

6. Musiqi, rəqslər, milli - tarixi ənənələrə əsaslanan müxtəlif ibrətli tamaşalar, oyunlar, kəndirbazlıq, pəhləvanlıq, güləş, at yarışı nömrələri;

7. İmkansız və kimsəsiz insanlara maddi, mənəvi yardım etmək, onları da sevindirmək;

Novruz bayramında edilən xoşagəlməz adətlər:

1. Qulaq falı. Kiminsə evini, ailəsini dinləmək həm günah, həm də hüquq baxımından xətadır. Quranda da bu casusluq sayılaraq qadağan edilib. Fal da haram və günahdır;

2. Papaq atmaq. Papaq qədim ənənəmizdə, namus, qeyrət, kişilik rəmzi sayılıb. Kişilik rəmzini qapılara ayaq altına atıb bir növ dilənçilik etmək xalqımızın ali əzəmətinə yaraşmaz. Kiminsə evində yeməyə, verməyə heç nəyi olmaz, papağı boş qaytardığına görə bayram günü ona və ailəsinə aclıqdan daha betər xəcalət və dərd olar. Bu adəti dəyişib başqalarının evinə sovqatı gizli ötürməklə əvəzləmək olar, yəni dilənməyin əksinə, paylamaq;

3. Oddan, atəşdən mədət ummaq, guya üstündən atlananda günahların silindiyinə inanmaq. Günahları peşmançılıq, tövbə və haqsızlıq etdiyinin haqqını geri qaytarmaq silə bilər, tonqal yox. Bu atəşpərəstlikdən keçən adətdir, həm də xətalı işdir, hər bayramda neçə uşaq ocağa yıxılıb yanır, xəsarət alır, neçəsinin ot tayasına, evinə od düşüb yanır, bayram ovqatı qana dönür;

4. Xoruz döyüşdürmək, it boğuşdurmaq. İslam dinində bunlar haram sayılır. İnsanların əylənməsi xatirinə Allahın dilsiz heyvanlarını bayram günü qana bulamaq insana yaraşmaz;

5. Qəbirlər üstündə şam yandırmaq. Bu dinimizə müxalifdir və ölü üçün yalnız dua edilə bilər.

6. Qəbirlər üstünə yemək - içmək, meyvə, qoz - fındıq aparıb tökmək. Bərəkəti qəbristanda məzarlar üstünə qoymaq dinimizə xas deyil, israfdır. Lakin bir istisna var ki, uzaq, çöllük ərazilərdə olan məzarlıqlarda məzarlar üstünə müəyyən qida vasitələri qədimdə qoyarmışlar ki, yoldan azan, dərvişlər, yolçular rastlaşsa istifadə edib rəhmət oxusunlar. Yaxud qəbir üstünə dən səpərmişlər ki, quşlar yesin, savabdır...

7.  Hədik, qovut, quymaq, şəkərbura, paxlava, sucuq, ağsoğlaq, aş kimi milli, qədim yüməklərimizin hazırlanaraq bir növü dünyaya, cəmiyyətə hər il nümayiş etdirilməsi, kulinariyamızım zənginliyinin nümayişi kimi təqdirəlayiqdir.

BAYRAMINIZ MÜBARƏK OLSUN!

Tural İrfan