“Dünyanın heç bir yerində bu platforma Azərbaycandakı qədər siyasiləşməyib. "Tiktok"un Azərbaycan seqmenti günü-gündən çirkin əməllərin episentrinə çevrilir”
“Tiktok” sosial şəbəkəsində açılmış hesablarda hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması barədə saxta (feyk) xəbərlər yayılıb.
Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlamasında bildirilib: “Bəyan edirik ki, köhnə məlumatların manipulyasiyası nəticəsində hazırlanmış saxta xəbər heç bir reallığı əks etdirmir və ictimai rəyi çaşdırmağa yönəlmiş uğursuz cəhddir. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik. Qeyd olunan saxta xəbər və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”.
Maraqlıdır, vətəndaşların bu tip xəbərləri yaymaqda məqsədləri nədir?
Azxəbər.com saytının baş redaktoru Hacıbəy Heydərli isə “Sherg.az"a açıqlamasında deyib ki, “TikTok” Azərbaycanda ən populyar və çox istifadə olunan sosial şəbəkədir:
"TikTokda neqativ videolar, milli- mənəvi dəyərlərə zidd məlumatların paylaşılmasını, azyaşlı uşaqların valideynləri tərəfindən istismar olunmasını, narkotik maddələrin təbliğini və digər xoşagəlməz tendensiyaların şahidi oluruq. Ölkəmizdə aqressiya da, psevdo məlumatlar, saxta, "feyk" videolar da məhz oradan tirajlanır. Heç şübhəsiz ki, bu gün ölkə üçün ən böyük təhdid "tiktok" sosial şəbəkəsidir. Orada yayılan hansısa saxta video, dezinformasiya bir anda ölkəni çalxalaya, xaosa gətirib çıxara bilir”.
Fake xəbərlər, dezinformasiyaların artmasına gəldikdə isə H. Heydərli deyib ki, ölkədə xaos, təşviş yaratmağa çalışan xarici qüvvələrin əməlidir. Lakin reytinq axtaran, kəşfetə düşmək üçün nə olsa paylaşan insanlar da var ki bu informasiyaların cəmiyyətdə yaradacağı xaosun fərqinə varmadan bu addımı atır. Son illər ölkəmizdə media savadlılığı ilə bağlı həyata keçirilən layihələri xatırladan jurnalist qeyd edib ki, hər nə qədər insanların yalan məlumatlara inanmaması üçün təbliğat işləri aparılsa da, vətəndaşlarımız hələ də fake nyuslara inanırlar və axına qarşı gedirlər:
“Bu günlərdə TikTok rəsmiləri də açıqlama yaymışdı ki, 2023-cü ildə platformanın Azərbaycan seqmentində paylaşılan 2 milyon video silinib. Bu o deməkdir ki, “TikTok”-un qaydalarına zidd olan məlumatlar paylaşılan zaman şəbəkə onları sistemdən silə bilir. Lakin arxiv videoları yenidən paylaşanda artıq onu sistem zərərli paylaşım kimi ayırd edə bilmədiyi üçün silməkdə çətinlik çəkir. İnsanlarımız isə bu cür videoları şikayət etmək əvəzinə layk edib, rəy yazaraq daha da kəşfetə düşməsinə şərait yaradırlar”.
“TikTok”un birdəfəlik bloklanmasına gəldikdə isə H. Heydərli deyib ki, bütün mənfiliklərə rəğmən bu platformanın müsbət kontentləri də var. Ona görə də daha çox maarifləndirmə işləri aparıb insanları fake xəbərlərə inanmamağı aşılamaq lazımdır. Eyni zamanda TikTok vasitəsilə xof, qorxu yaradan paylaşımlar edən, uşaqların əməyini istismar edən, milli- mənəvi dəyərlərimizə zidd paylaşımlar edən insanlar cəzalansalar “tiktok”-dan da digər sosial şəbəkələr kimi faydalanmaq olar".