Keçmiş Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno Okampo bütün dünya ermənilərini Bakıda COP29-a qarşı kampaniya başlatmağa çağırıb. Okampo ermənilərə məktub ünvanlayıb. O, bu məktubu X səhifəsində dərc edib. Sabiq prokuror erməniləri birləşməyə və bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransına (COP29) qarşı media kampaniyası başlatmağa çağırıb: “Ermənilər, siz 1915-ci il soyqırımının külündən yenidən doğulanlarsınız. Bu gün dünya səhnəsində ədaləti və həqiqəti müdafiə etmək üçün unikal imkanınız var. Siz Azərbaycanı ifşa edə bilərsiniz”.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, ermənilərdən daha artıq erməni olmaq istəyənlər, ifrat erməniçilik edənlər həqiqətən də zavallı insanlardır. Vaxtilə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olmuş Luis Moreno Okampo da belə zavallılardan biridir. Ekspertin sözlərinə görə, daim diqqət mərkəzində olmağı çox sevən bu qatı ermənipərəst indi də “hüquq müdafiəçisi” və “iqlim fəalı” donuna bürünərək yenidən gündəmə gəlməyə qərar verib:
"Onun dünya ermənilərinə isterik, emosional müraciətindən açıq-aşkar görünür ki, Okampo ermənilərə sadəcə pul kisəsi kimi baxır. Çünki o, ermənilərin xarakterinə, xislətinə yaxından bələddir və onların millətçi, türkəfob hisslərini istismar edərək ermənilərdən daha çox pul qopara biləcəyinə əmindir. Hiyləgərlikdə hətta erməniləri də heyrətləndirə biləcək Okampo başlatdığı anti-Azərbaycan kampaniyasının daha da effektiv olması və ajiotaj doğurması üçün COP29-dan Azərbaycana qarşı şantaj predmeti kimi istifadə etməyə qərar verib. Onun xəstə məntiqinə görə, Azərbaycan COP29-un baş tutmasını istəyirsə, bunun üçün ilk növbədə soyqırımı, müharibə cinayətləri, terror və separatizm cinayətlərində ittiham olunan və hazırda Bakıda istintaq altında olan erməni separatçılarını azad etməlidir".
Ə.Hüseynov bəyan edib ki, Okamponun bu absurd tələbi onun hüquqşünas kimi də diletant olduğunu göstərir:
"Maraqlıdır, bu adam bu cür bəsit və qeyri-peşəkar hüquq anlayışı ilə necə olub ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru kimi fəaliyyət göstərib? Axı separatçılar milliyətindən və məkanından asılı olmayaraq bütün hallarda beynəlxalq hüquq normalarına uyğun olaraq layiqli cəzalarını almalıdır. Ancaq dırnaqarası “hüquq müdafiəçisi” və “iqlim fəalı" Okampo isə erməni separatçılarının azad olunmasını tələb edir. Bu isə əsl riyakarlıqdır. Görünən budur ki, erməni lobbisinin “sponsor”luq etdiyi Okampo hətta beynəlxalq hüquqa zidd mövqe sərgiləməkdən də belə çəkinmir. Ona görə də əslində ilk növbədə məhz Okampo kimi şəxslərin özləri Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunmaldır. Erməni terrorizmini və separatizmini körükləyən bir adamın söz azadlığından bu cür cinayətkarcasına istifadə etməsinə yol verilməməlidir".