Tramp Baydendən daha ağır xəstədir
“ABŞ prezidentliyinə namizədin bu düşüncədə olması çox zərərlidir. Belə mövqe ukraynalıları aşağılamaq, onların haqlarını tapdamaqdır”
Ağ Evin keçmiş rəhbəri, hazırda prezidentliyə namizəd Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apardığını açıqlayıb. Bu barədə Tramp “Foks Nyus”a açıqlamasında deyib. Tramp bildirib ki, Zelenski ona zəng edib və yaxşı danışıqları olub: "Dedim ki, biz müharibəni bitirməliyik. Bu, (Rusiya nəzərdə tutulur – red.) hərbi maşındır, siz hərbi maşınla mübarizə aparırsınız. Onlar Hitlerə, Napoleona qalib gəliblər".
Qeyd edək ki, Tramp dəfələrlə bəyan edib ki, bu il prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukrayna münaqişəsinin tezliklə həllinə nail olmaq niyyətindədir. İyunun 27-də ABŞ Prezidenti Cozef Baydenlə seçkiqabağı debatda Tramp söz verib ki, yenidən seçilərsə, 2025-ci il yanvarın 20-də vəzifəyə başlamazdan əvvəl münaqişəni dayandıra biləcək. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də deyib ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Ukraynada müharibəni daha tez başa çatdıra və regionda vəziyyəti stabilləşdirə bilər.
Politoloq Qabil Hüseynli deyib ki, ABŞ-də hökumət özbaşına deyil və "dərin dövlət"in təlimatları əsasında addımlar atır. Ekspertin sözlərinə görə, Donald Trampın Rusiya-Ukrayna müharibəsi haqqında bu cür fikirləri ilk dəfə gündəmə gəlmir:
"Tramp əvvəldən də deyir ki, əlində səlahiyyət olarsa, savaşı bitirmək üçün hər şey edəcək. Sözün açığı, Donald Trampı ağıllı, dərrakəli adam saymıram. Hətta parkinson xəstəliyinə düçar olmuş qoca Cozef Baydendən daha ağır xəstədir. Trampın "Rusiya hərbi maşındır, Hitleri, Napoleonu məğlub" edib ifadəsi çox absurd, qeyri-ciddi və sarsaq yanaşmadır. Tarixdən anlayışı olanlar bunun həqiqət olmadığını çox yaxşı bilir. Rusiya xalqlar həbsxanasıdır. Faktiki olaraq Ukrayna əraziləri işğal edilib. Məgər Rusiya öz gücü, imkanları hesabına, təkbaşına faşist Almaniyasına qalıb gəlib?! Əlbəttə yox. Bu qələbədə əsas pay Azərbaycan başda olmaqla postsovet ölkələrinin bütün resurslarını sərf etməsinə və Qərbin ikinci cəbhəni açmasına düşür. Ruslar Napoleonun qoşunları qarşısında ağlaya-ağlaya geri qaçırdılar".
Ekspertin fikrincə, Rusiya haqqında mif yaratmağa, nağıllara ehtiyac yoxdur: "Dünən faşist Almaniyasına qarşı döyüşən Rusiya bu gün özü faşistlər kimi qonşu ölkələrin ərazilərinə hücum edir, göz dikir. ABŞ prezidentliyinə namizədin bu düşüncədə olması çox zərərlidir. Belə mövqe ukraynalıları aşağılamaq, onların haqlarını tapdamaqdır. Ancaq düşünürəm ki, Tramp seçilsə belə, ona arzuladığı kimi hərəkət etməyə imkan verilməyəcək. Digər yandan Avropa Birliyi bütün imkanları ilə Ukraynanı müdafiə etməyə davam edəcəklər".