Ramin Ələmşah oğlu Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Dövlət başçısı İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsini Milli Məclisdə təmsil edən deputatdır. Ramin Məmmədov 1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib. “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif edilib. İngilis və rus dillərini bilir. 2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib. 2008-09-cu illərdə “Avrositi Holdinq”in vitse-prezidenti, 2009-20-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrində çalışıb. O, hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Bolqarıstan, Çin, Fransa, İsrail, İtaliya, Koreya, Serbiya, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür. Onu da qeyd edək ki, 2023-cü ilin martın 1-də Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdi.
Yeni təyinatı dəyərləndirən ilahiyyatçı Hacı Təyyar Hüseynli "Sherg.az"a bildirib ki, ölkə başçısının bu istiqamətdə verdiyi qərar müsbət olacaq:
"Yeni vəzifəyə təyinən olan birinə milli dua kimi "xeyirli ,uğurlu olsun" demək lazımdır. Bu səbəbdən etimadlarımız böyükdür. Azərbaycanda hər sahədə yeni inkişaf mərhələsi müşahidə olunur. Düşünürəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunan şəxs dövlətin dini qurumlarına maksimum dövlət nəzarətini gücləndirəcək. Bununla bağlı yeni islahatlara, ehtiyac var. İlahiyyatçı kimi, Ramin bəyə yaxşı nəticələr arzu edirəm".