Boşanmaların uşaqlara ölümcül təsiri - AÇIQLAMA

Alimlər isbatladı

Belə ailələrin uşaqları kriminal və özünüqəsdə daha meyilli olur

“Valideynlərin boşanması kiçik yaşda olan uşaqlardan daha çox yeniyetmələrin psixologiyasını pozur”

  Alimlər boşanmanın daha bir təhlükəsini elan edib. “Medicina”ya istinadən xəbər verilir ki, Toronto Universitetinin alimləri valideynlərin boşanmasının uşaq psixikasına ölümcül təsirini sübut edib. Böyüdükdə belə uşaqlar tez-tez intihar və qətl barədə düşünür. Ata-ananın ayrılması uşaq psixikası üçün onlardan birinin ölümündə yaşanılan stresə bərabərdir. Bu uşaqlar özlərinə qapanır, kobudlaşır, aqressiv davranır, digər uşaqlara həsəd aparır, depressiyadan əziyyət çəkirlər. Zaman təbii ki, istənilən psixoloji travma və ağrını söndürür. Amma boşanmada bu, işə yaramır. Professor Esme Fuller 6647 valideyn üzərində 12 il tədqiqat aparıb, onlardan 695 nəfəri boşanıb. Nəticələr göstərib ki, boşanmış ailələrin uşaqları digərlərindən 3 dəfə çox intihar və həyatdan getmə barədə düşünüb, onlardan 2 faizi buna bir dəfə cəhd edib. Daha həyəcanlı statistika qız uşaqları ilə bağlıdır. Qızlar 83 faiz daha çox intihar və depressiyaya düşüb. Eləcə də, ailədə ata-ana uzun müddət işsiz qalanda, içki içib, bir-birinə əl qaldıranda eyni boşanmada olduğu kimi təşvişli qorxu və stress yaradır. Beləliklə, boşanmanın kişi və qadınlara, oğlan və qız uşaqlarına fərqli təsir etdiyi sübut edilib. Belə ailələrin uşaqları kriminal və özünüqəsdə daha meyilli olur.
  Mövzuya münasibət bildirən psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az"a  bildirib ki, dünyada nəyinsə ölümcül təsirini sübut edə bilən ixtira mövcud deyil: "Əgər valideynlər bir-birinə travma yaşatmadan, 2 normal şəxsiyyət kimi ayrılıblarsa, vəziyyəti övladlarına başa düşəcək şəkildə izah edə bilərlər. Əgər uşaq hər iki valideyni ilə ünsiyyət saxlasa, özəl günlərdə ailəarası yaxşı münasibət olsa, bu zaman travma yaranmaz. Ata-ana boşandıqda əlaqələr pozulsa, uşağın psixologiyası pozula bilər. Heç bir halda evliliklərin dağılmasının tərəfdarı deyilik. Hətta münasibətlərin düzəlməsi üçün evli çütlüklərə seans təklif edirik. Ancaq ortaq məxrəcə gəlmədikləri zaman psixoloqun nəzarəti ilə dost kimi ayrılmaq daha məqsədəuyğundur. Valideynlərin boşanması kiçik yaşda olan uşaqlardan daha çox yeniyetmələri kəskin narahat edir. Təxminən valideynlərin boşanmasından bir il sonra bütün problemlər hamarlanır və uşağın emosional vəziyyəti bərpa olunmağa başlayır".