İslam dini fal dini deyil - İlahiyyatçı 

Son zamanlar sosial şəbəkə istifadəçiləri pul müqabilində istixarə duası vasitəsi ilə insanların gələcəklərindən xəbər verirlər. Bəs bu nə dərəcədə doğrudur? Ümumiyyətlə, istixarə duasının mahiyyəti nədən ibarətdir?  

Məsələ ilə bağlı danışan ilahiyyatçı Tural İrfan "Sherg.az"a bildirib ki, istixarə ərəbcədən tərcümədə "xeyir istəmək"dir:

    "Şübhəli bir işi tərəddüdlü bir məqamda  ağılla müəyyən etmək mümkün deyil. Bu zaman Allahdan xeyir aqibət diləmək üçün insan adi şəkildə dua edə bilər. Dua edir ki, həmin işin aqibəti şər yox, xeyir olsun. Hətta, Peyğəmbərin hədislərində var ki, işin sonunu bilmək istəsən, namaz qılıb (bu namaza istixarə namazı da deyirlər) dua edib yatar, daha sonra həmin şəxsə işin aqibəti əyan olar. Yoxsa başqa qondarma şeylər icad edib gələcəkdən xəbər vermək, fala baxmaq, əlavə yozum, şərh vermək olmaz. Bu günahdır. Quranda deyilir ki, mütləq qeybi bilən yalnız Allahdır. Özü də insanın qədəri, taleyi dəyişir, sabit deyil. Kimsə onun taleyini deyə bilməz. Hesab edirəm ki, tiktokda yayılan bu məsələlər xurafat, baxış sayı qazanmaq, maddiyyat əldə etmək, insanların diqqətini cəlb etmək məqsədi ilə təşkil edilmiş əməllərdir və bunun dinlə bir əlaqəsi yoxdur. İslam dini fal dini deyil. Əgər insan bir narahatedici işin sonundan əmin deyilsə, o zaman sadəcə hər hansı formada Allaha dua edər, o işin axır aqibətinin xeyir olmasını istəyər. İstixarə duası bax budur. Duanın da xüsusi bir formada, sırf ərəbcə oxunmasına gərək yoxdur. Hər kəs öz dilində Allaha dua edə, xeyir istəyə bilər, vəssalam. Yoxsa burada qeybdən xəbər, fala baxmaq, taleyindən məlumat almaq kimi qoşmalar əlavədir və din adı ilə sadəlövh adamları aldatmaqdır".