Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O bildirib ki, ilkin kvota üçün 2000-dən çox yer nəzərdə tutulsa da, 1500 kvota yeri ayrılıb. “İdarə kvotanı bir neçə dəfə azaltmaq zərurəti ilə qarşılaşıb. Bunun isə heç vaxt müşahidə olunmayan səbəbləri var”. Şöbə müdiri deyib ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaradıb: “Elektron viza bir illik və çoxgirişli verilir. Bəzi işbaz şirkətlər və yaxud fərdlər isə vətəndaşların başını aldadaraq elektron viza ilə Həcc ziyarətinə, daha ucuz qiymətə aparacaqlarını bildiriblər. Bizdə olan məlumata görə, hazırda təxminən 500-ə yaxın vətəndaş bu işbazların qurbanıdır. Keçən il də belə işbazların çoxlu qurbanları olub, onlardan pul yığıblar, lakin apara bilməyiblər, xeyli vətəndaşın pulları batıb. Bununla bağlı bizdə dəqiq məlumatlar var, həmin şəxlərin əlaltıları bu il bu vizalarla vətəndaşları aldadıblar. Həcc ziyarəti üçün xüsusi viza alınır. Krallıqda Həcc ziyarətinə getmək üçün xüsusi sahələr və ərazilər var - Ərəfat, Mina, Müzdəlifə. Bu yerlərə yalnız Həcc vizası ilə daxil olmaq mümkündür. Vətəndaşlardan xahiş edirik ki, bu cür təşviqedici təkliflərə aldanmasınlar. Səudiyyə Ərəbistanı Krallığının müvafiq nazirlikləri bundan tam xəbərdardırlar və bu barədə tədbir görməyə hazırlaşırlar. Elektron vizalarla Həcc ziyarətinə getmək istəyənləri deport və cərimələr gözləyir”. Vüsal Cahangiri bildirib ki, kvotanın azaldılmasının digər səbəbi isə budur ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi prosedurların erkən bitirilməsini tələb edir:
“Bu il əvvəlki kimi deyil, ötən illərdən fərqli olaraq bu il elektron sistemdə sənədləşmə və viza işləri 1 ay tez bitməlidir. Ona görə vətəndaşlardan xahiş olunur ki, tələssinlər, yalan vədlərə aldanmasınlar. Çünki kvotanın dolmasına çox az qalır. Nazirliyin təyin etdiyi vaxta əsasən bütün prosedurlar, o cümlədən vizaların verilməsi aprel ayının sonuna kimi tamamlanmalıdır”.
Xatırladaq ki, fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Kvotanın azalmasını müsbət qiymətləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a bildirib ki, Azərbaycanda çoxdan dini biznesə çeviriblər:
“ Bunun vaxtında qarşısı alınmadı, indi də selin qabağını kəsmək o qədər asan deyil. Yerindən duran Həccə gedirdi. Əlbəttə, belə olmaz. Sanki, Yessentukiyə, Kislovodskiyə sanatoriyaya gedirlər. Qafqaz Müsəlmanları İdarəsinin indiyədək xalqımıza aşıladığı bundan artıq olmayacaqdı. Camaatı maarifləndirmək vaxtında lazım idi. Kəlimeyi şəhadətini bilməyən, evinin qibləsini tanımayan, müğənni saxlayan Həccə gedir. Hələ gedib orada nə hoqqa çıxardıqlarını danışmağa ar edirəm. Başqa şirkətlər ola bilsin ucuz aparıb deyə, bu da əsas şirkətə sərf etməyib. Lap tutaq ki, camaatı aldadıblar. Niyə əsas şirkət normal qiymətə aparmır ki, camaat başqasına ehtiyac duruyur. Yaxud o işbazların arxasında kimlər dayanır, kimlərin əli ilə bu işi görürlər? Çünki ərəb ölkəsinə aparmaq üçün camaatın həyatını həvalə etmək hər kəsə asan gələ bilər, lakin burada müəyyən dövlət qurumlarının nəzarəti, izni, lisenziyası lazımdır. Ölkəmizdən hər il tam dini qaydalara cavab verərək o ziyarətə getmək imkanına malik olan 3 ya 5 adam ola bilər. Ona görə ki, hər bir qəpik halal olmalıdır. Qonşun, qohumun ac olmamalıdır. Dövlətə 5 qəpik borcun varsa, vergidən yayınıbsansa, haram yeyib, rüşvət alıb, Dinin hökmlərini, orucu, namazı bilmədən Həccə getmək doğru deyil. Şəriət hökmlərinin icrası İslamda şərait olduqda müsəlmanın boynunda borcdur. Əgər şərait yoxdursa, o hökm qalxır. Buna İslam hüququnda ikinci dərəcəli hökmlər deyilir ”.
T.İrfan vurğulayıb ki, biletlər həddən artıq bahadır:
“O pulu xərcləmək israfdır. Allaha lazım deyil ki, sən gedib milyonları yollara tökəsən. Allahın istəyi ədalətdir, humanizmdir, kasıbla, miskinlə paylaşmaqdır. Hazır olmayaraq şöhrət və ad san üçün ora gedən adama göydən səs gəlsə ki, qonşun ac idi, qohumuna borcun vardı, filan yerdə haq yemisən, filan adama ziyan vurmusan, halallıq almadan, borcunu ödəmədən, kasıba əl tutmadan, zəkatı vermədən bu qədər pulu verib bura nəyə gəlibsən? Adam nə cavab verəcək? Peyğəmbər buyurdu ki, Həcc kiçik qiyamətdir. Ona görə adamlar orada qəbirdəki kimi ağ kəfən - ehram geyinilir. Məhşər günündəki kimi hamı ayaqyalın, başı açıqdır. Lakin adamlar bunun məsuliyyətini dərk etmədən gedirlər. Onları maarifləndirən də yoxdur. Əksinə Aidiyyatı qurumlar da istəyir ki, cahil adam çox olsun, onların biznesi işləsin ”.