Atalar demişkən fala inanma, faldan da qalma. Son zamanlar tarot falı cəmiyyət arasında ən çox maraq kəsb edən üsullardan biridir. Bu səbəbdən bəziləri sosyal şəbəkələrdə tarotla pul müqabilində fala baxırlar.
Bəs görəsən, tarot falı nədir? Digər fallardan fərqi hansılardır?
Suallarımıza cavab tapmaq üçün "Sherg.az" olaraq tarotla falçısı ilə əlaqə saxladıq. Onun sözlərinə görə, bu tamamilə enerji və şüuraltı oxuma ilə bağlıdır:
" Burada önəmli rol hər zaman taroloqun üzərinə düşür. Onun özünü, tarot kartlarının enerjisini, alacağı cavabları, qarşı tərəfə və ya pasientinə necə təqdim etməsi isə əsas nüansdır. Mən öz adımdan əminliklə deyə bilərəm ki, tarot həmin enerjinin oxunmasıdır. Biraz daha açıq desək, sprituallıqda keçmiş və gələcək deyən anlayış yoxdur. Bu zamanlama olaraq ayırdığımız vaxt eyni anda baş verir. Yəni, keçmişi ,indini və gələcəyi eyni anda yaşayırıq. Ola bilər ki, absurd səslənsin, lakin bu belədir. Sadəcə bu dünya üçün ayrılan zamanlama məsələsidir. Beləliklə 3 zamanı da oxumaq mümkündür. Tarot özü təkdi, ancaq tarot kartlarının bir çox kateqoriyaları,növləri var. Hər tarot kartının kateqoriyalarının da əmin olaraq danışdığı, spesifik aid olduğu mövzuları var. Məsələn, klassik tarot kartları ilə bütün suallara, oxumağa icazə verilən, dəstəkləndiyi qədər baxıb danışa bilərsiniz. Mələk tarot kartları sadəcə çox yaxşı məsləhətlər və nə edib, etməməklə bağlı (artıq qarşı tərəf nəyi eşitməlidirsə) məlumat verir.Tarotun da işığa və qaranlığa xidmət edən kartları və eyni zamanda, taroloqları mövcuddur. Bu artıq taroloqdan və pasientin enerjisindən asılıdır. Əgər qorxunc, qaranlığa xidmət edən birisi qarşınıza çıxırsa, bu enerji sizdə dəstəklənib deməkdir. Lakin işığa,aydınlıq tərəfə xidmət edən taroloq ilə seans etmisinizsə, sizdə bu tərəfin enerjisi dəstəklənib. Hətta,müşahidələrimə əsasən, ilk qorxurlar. Elə biri olmadığınızı görəndə çox sevinirlər. Bu adi önyarğını qırmağa görə də qarşılaşma ola bilər. Amma aydınlığa, qaranlığa xidmət edən taroloq lazımlı yaxşı, pis bütün durumları görür, düzgün şəkildə qarşı tərəfə çatdırmağı, neytral yanaşaraq lazımlı cavabı verməsi önəmlidir. Enerji çox dərin mövzudur. Onu da qeyd edim ki, qismət olaraq qəbullandığınız hər bir şeyi yaxşı yönə, pis yönə dəyişmək mümkündür. Lakin necə, dəyişdiyi önəmlidir. Təəssüf ki ,ölkəmizdə və dünyanın çox qismində insanlar yaxşını eşidəndə sevinir, pisi işlə bağlı məlumata sahib olduqda qara magiya ilə nəyəsə tutunmağa, kiməsə, nəyəsə əngəl olaraq həll etməyə çalışırlar. Əslində isə reallıq budur "o durum sənə nəyi qazandırır?". "Thetahealing" sayəsində insanlar bütün düzəlməli mövzularının, blokajlarının, hər birini qaydasına qoya və talehlərini,qismətlərini mümkün qədər dəyişə bilərlər. Quranda qısaca “Biz hər kəsin aqibətini öz zəhmətinə bağladıq” (İsra, 13) cümləsi boşuna deyil. Taroloqlara ən çox “sevgi” və “pul” ya da “köhnə sevgili”, “evlənəcəyim insan” barədə suallar verilir. Orda da çıxan nəticələrə əsasən insana bu durumu nəyə görə, nə səbəbdən yaşadığını görmək mümkün olur. Həmin adamdan bu hadisəni nə zaman yaşadığı soruşulur. Tez-tez fala baxdırmağa gəlincə isə bunu edən şəxslər özünə və ilahi axışa güvənməyən, güvənə bilməyən insanlar olur.Bu da özlərinin fərqində olmadan etdiyi davranışdır. Bilinməzlik onlara qorxunc gələr. Baxın, burada Allaha, Yaradana olan inanc və sevgidən bəhs etmirəm, nəzərinizə güvən və ilahi axışı çatdırmaq istəyirəm. Bunu edən şəxslər Allaha qarşı sevgini qorxu zənn edər, ondan qorxmaq və istəmsizcə ona, talehlərinə güvənə bilməzlər. Həmin şəxs üçün nə zaman doğru zamandırsa, o vaxt tarota baxmaq məqsədəuyğundur".