Aprelin 17-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib. Baş nazir iclası açaraq “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirlər, onların icrasının gedişi və qarşıda duran vəzifələr barədə məlumat verib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və energetika nazirinin müavini Samir Vəliyev məruzələrlə çıxış ediblər. İclasda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin - EDM əhatə dairəsinin genişləndirilməsi, bu sahədə zəruri infrastrukturun yaradılması, onların dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi tədbirlərinin görülməsi, habelə bu işlərə sahibkarlıq subyektlərinin cəlb olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi və digər zəruri məsələlər barədə müzakirələr aparılıb. İclasın yekununda qarşıda duran vəzifələr istiqamətində irəli sürülən təkliflər nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, elektromobillərlə bağlı əsas problemlərdən biri də onların batareyalarının doldurulmasıdır:
"Burada əsas nüans nəqliyyat vasitələrinin ümumi iş prinsipinə xələl gətirmədən müəyyən tədbirlərin görülməsidir. Diqqətçəkən elementlərdən birincisi isə nəqliyyat məntəqə ərazilərinin təşkilidir. Çünki elə texniki təminat qurulmalıdır ki, şəhər mühitində istifadəsi əlverişli olsun. Şirkətlər və yanacaqdoldurma vaistələri tərəfindən narazılıqla qarşılanmasın. Ona görə də bu kimi tədbirlərin görülməsinə ehtiyac var. Elektromobillərin təşviqi ilə bağlı keçirilən hər bir iclas effektiv olacaq. Hazırda elektromobillərə maraq çoxdur. Burada dövlətin dəstəyi də görülür. Sözügedən sahə üzrə gələcəkdə avtomobillərin qeydiyyatı zamanı rüsumlar yenidən təşkil olunacaq. Bununla da elektromobillərin ölkəyə gətirilməsi daha sərfəli olacaq".