“Kərim Kərimlinin Şuşaya qayıtması mənim qayıtmağım deməkdi” -Kəmalə Cahidqızı

Kəmalə Cahidqızı: “Bilirəm ki, qapısını ürəklə döyəcəyim bir insan, bir dostum var indi Şuşada”

“Mənim də Şuşada ev sahibəsi olacağım gün çox yaxındadır”
 
 
 
 “Əziz, şuşalılar. Şuşaya xoş gəlmisiniz”... Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin mayın 10-da hər bir azərbaycanlı üçün müqəddəs olan Şuşa şəhərinin sakinləri ilə görüşündə dediyi bu sözlər onun 2020-ci ilin 8 noyabrında dediyi “Əziz Şuşa! Sən azadsan!” sözləri ilə eyni dərəcədə, ölçüyəgəlməz hisslər yaradır.

Cənab Prezident çıxşı zamanı qeyd etdi ki, otuz iki ildən sonra doğma Şuşa doğma sakinlərini qarşılayır: “Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim”. Nəhayət, vaxtilə xəyal kimi görünən hadisə gerçək oldu və şuşalılar doğma Şuşaya köçdülər. Mərhələli şəkildə olacaq bu qayıdış. Əslində, bunun özü də məntiqlidir. Təkcə o barədə yox ki, binalar tikilir, quruculuq, tikinti işləri davam edir, Şuşa hələ tam hazır deyil bütün şuşalıları birdəfəyə qəbul etməyə. Yox. Məncə, şuşalılar hazır olmazlar Şuşaya birdəfəyə qayıtmağa. Niyə? Çünki Şuşanı birdəfəyə qucaqlamaq mümkün deyil. Kimsənin əli, qolları, heç ürəyi də yetməz. Şuşa “udar” bu insanları. Sevgisiylə, şəfqətiylə, gözəlliyi ilə, havası, suyu, dağları, düzləri, hətta ən xırda çiçəkləri ilə! Şuşaya yavaş-yavaş yaxınlaşmaq lazımdı. İnsan ürəyi dayanmaz bu vüsala. Partlayar, vallah!.. Ona görə də yavaş-yavaş, hissə-hissə qayıtsalar yaxşıdı.

 Növbəsini gözləyənlərdən biri də həmkarımız, uzun illər Şuşada jurnalist fəaliyyəti ilə məşğul olmuş, ondan uzun bir zaman kəsiyində Şuşa həsrəti çəkmiş Kəmalə Cahidqızıdır. Şuşaya gedənlərin ardınca oğrun-oğrun baxdımı, Kəmalə xanım? Ürəyindən “bəs mən nə vaxt qovuşacam Şuşama?” nidası keçib, sözsüz. Görək  özü nə deyir:

- Əvvəla, hamımızın gözümüz aydın olsun. Şuşaya köçün başlanması, Şuşanın işğaldan azad olması qədər önəmlidir. Ümumiyyətlə, köçlə bağlı, işğaldan azad olunmuş hər bir ərazimizdə aparılan abadlıq, yenidənqurma, tikinti, infrastruktur işləri ilə bağlı dövlətin apardığı siyasətə mən bir vətəndaş olaraq heyran qalıram. Doğrudur, biz bu müddət ərzində çox səbirsizlənirdik, işğaldan azad edilmiş digər şəhər və qəsəbələrə doğma sakinləri köçürüldükcə içimizdə bir gileylənmə olurdu ki, niyə biz də köçmürük? Amma dövlətimiz, cənab Prezident, həqiqətən də hər işin vaxtını, zamanını doğru bilir. Şuşaya köçün məhz may ayında başlanması rəmzi, həm də tarixi əhəmiyyət daşıyır. 1992-ci il, mayın 8-də, bilirsiz, Şuşada may ayında da sazaq, dağlarda qar olur, o soyuq havada, bəzisi yaralı, bəzisi xəstə çıxmağa məcbur olan insanlar indi tam təmin olunmuş, dövlətin ayırdığı maşınlarla, öz əşyaları ilə, ailələri ilə qayıtdılar. Şuşalılar hər şeylərini qoyub çıxmışdılar Şuşadan. Söhbət maddi şeylərdən getmir. Biz Şuşanı göz yaşı ilə, ürək ağrısı, elə böyük kədər, üzüntü, sıxıntı, necə deyim sizə... tükənməz bir dərdlə tərk etmişdik. Şuşa dərdi çəkiləsi dərdlərdən deyildi... Amma geri qayıdırıq indi. Bu hissləri də sözlə ifadə etmək mümkün deyil. Onu yaşayan bilir.

 K.Cahidqızı 30 il müddətində Şuşanın işğalı gününü hər il təkrar-təkrar yaşadığını dedi:

- Bakıda televiziyada çalışırdım. Bilirdim ki, aprelin sonundan etibarən mayın 8-dək işğal günü keçirdiyim hisslər yenə təkrarlanacaq. Planlaşdırmada hər dəfə mənə Şuşanın işğal günü ilə bağlı reportaj hazırlamaq tapşırılırdı. O qədər çətin idi ki... Eyni ağrını yenə təkrar-təkrar yaşayırdım. Sonuncu reportajım fərqli oldu.  Şuşalı 8-9 yaşlı uşaq tapdım. Onu Şəhidlər xiyabanına apardım. Ona Qarabağ şikəstəsi və “Şuşanın dağları” mahnısını oxutdum. Və daha heç nə əlavə etmədim süjetə. Və bildirdim ki, mən artan rəqəmlərlə reportaj hazırlamaq istəmirəm daha!.. 
    

 K.Cahidqızı qeyd etdi ki, Şuşaya köçlə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə daim əlaqə saxlanılıb, komitə şuşalıları prosesin gedişiylə bağlı daim məlumatlandırıb:

- Bilirdik ki, Şuşaya ilk növbədə daha çətin şəraitdə yaşayanlar köçürülür. Zamanında evləri zəbt olunanlar var, haqlı olaraq onlar da mənzillərinin boşaldılmasını tələb edir, bu barədə məhkəmə qərarları var. Bu insanlar da ilk növbədə köçürülməlidir ki, həmin mənzillər boşaldılsın. Həmçinin Şuşada hazırda vəzifə səlahiyyətlərini yerinə yetirənlər, orada işləyən, çalışan insanlar, dövlət qurumlarının əməkdaşları ilk mərhələdə yerləşdiriləcək. Hamımızın dostu Kərim Kərimli də ilk qayıdanlar arasındadır. Çox sevinirəm buna. Kərim bəy Şuşada doğulmasa da, hər bir şuşalı qədər, hətta bəlkə daha artıq şuşalıldır. Onun Şuşaya qayıtması mənim qayıtmağım deməkdi. Bilirəm ki, qapısını ürəklə döyəcəyim bir insan, bir dostum var indi Şuşada. May ayında bizə bayram yaşadan Ali Baş Komandana, cənab Prezidentə dərindən təşəkkür edirəm. Mənim də Şuşada ev sahibəsi olacağım gün çox yaxındadır.