"Artıq növbəti mərhələdə MQF-nin yeni idarəetmə modelinin fəaliyyəti ilə bağlı konkret addımları atması vacib olacaq”
Mayın 14-də Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib. Qurultayda Forumun Nizamnaməsinə köklü dəyişikliklər edilib, “prezident” postu ləğv olunub, əsas səlahiyyətlər İdarə Heyətinə ötürülüb. İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Tədbirdə köhnə tərkib tam heyətlə buraxılıb, yeni tərkib formalaşıb. Qurultayda son 15 ildə ilk dəfə olaraq rəhbər şəxs dəyişdirilib, 5 nəfərdən ibarət İdarə Heyəti yaradılıb. İdarə Heyətinin sədri postuna “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İskəndərli seçilib. Qeyd olunub ki, Ramil İskəndərli QHT sahəsində 25 ilə yaxın iş təcrübəsinə malikdir, peşəkar hüquqşünasdır. ABŞ-nin, Britaniyanın, Almaniyanın nüfuzlu universitetlərində hüquq üzrə müxtəlif proqramları bitirib. Ramil İskəndərli xarici ölkələrdə beynəlxalq tədbirlərdə fəal iştirakı ilə seçilir. 2023-cü ilin iyul ayından Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədridir. Beynəlxalq hüquq və insan hüquqları sahəsində bir sıra elmi məqalələrin müəllifidir. İdarə heyətinin digər üzvləri isə "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva və "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyevadır. Qurultayda çıxış edən Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Tural Əliyev deyib ki, Azərbaycan Milli QHT Forumu illərdir arzusunda olduğu islahatlar mərhələsinə qədəm qoyaraq estafeti digər nəslə yüksək ləyaqətlə ötürür. Onun sözlərinə görə, bu, Azərbaycan vətəndaş cəmiyyətində formalaşmış nümunəvi ictimai dəyərlərdən, yetkin mədəniyyətdən xəbər verir: "Forumun Nizamnaməsində aparılan sistem xarakterli dəyişikliklər qurumun müasir dövrün tələblərinə uyğun çevik idarəçilik modelinə keçməsinə işarədir. Qarşıdakı müddətdə bunun müsbət praktiki nəticələrini görəcəyimizə ümid edirik. Biz yeni İdarə Heyətini hadisələrin arxasınca gedən deyil, əksinə, müsbət təşəbbüslərin bayraqdarı kimi təsəvvür edirik. Yeni İdarə Heyətindən QHT-nin ictimai vəkilliyi işində, ictimai maraqların müdafiəsində, o cümlədən cəmiyyətdə kök salmış mənfi stereotiplərin təmizlənməsi işində yüksək fəallıq gözləyirik”. PA rəsmisi bildirib ki, qarşıdakı dövrdə QHT sektorunda islahatlar daha da dərinləşdiriləcək: "Bu islahatlar QHT-nin sağlam, münbit şəraitdə inkişafı, şəffaf, hesabatlı fəaliyyəti üçün meydanı daha da genişləndirəcək". QHT-yə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə Rauf Zeyniyə fəaliyyəti dövründə Agentliklə sıx əməkdaşlığa görə təşəkkürünü bildirib və onu diplomla təltif edib. Ekspertlərin sözlərinə görə, Milli QHT Forumunun idarə heyəti milli və beynəlxalq səviyyədə QHT sahəsindəki əsas məsələləri tədqiq etmək, müzakirə etmək və həll etmək üçün geniş bir təcrübəyə malikdir.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə "Sherg.az"a deyib ki, Azərbaycan Milli QHT Forumu vətəndaş cəmiyyətinin ən böyük təşkilatıdır və sıralarında 800-ə yaxın aktiv ictimai birliyi birləşdirir. Onun sözlərinə görə, Qurultay məhz Azərbaycan QHT-sinin mühüm və vacib tədbiri olaraq baş tutdu: "Qurultaya qədər görülən işlər barəsində Rauf Zeyni geniş və əhatəli hesabat nitqi ilə çıxış etdi. Hesabatdan bir daha aydın oldu ki, MQF Azərbaycanın vacib bir institutudur və fəaliyyəti dövlətimizin milli maraqlarının qorunması üçün çox önəmlidir. Dövlət rəsmilərinin çıxışında məhz bu baxımdan ötən illərdəki fəaliyyətə görə MQF rəhbərliyinə və üzvlərinə təşəkkür bildirildi. Eyni zamanda ölkədə aparılan islahatlar fonunda Milli QHT Forumunun da idarəetmə baxımdan yenilənməyə və xüsusən çevik idarəetmə modelinə keçidi labüd idi. Qurultay iştirakçılarının böyük əksəriyyətinin mövqeyi ondan ibarət oldu ki, prezident postu ləğv edilsin və 5 nəfərlik İdarə heyəti formalaşdırılsın. İdarə Heyətinin yeni üzvləri və sədr kifayət qədər təcrübəyə, QHT sahəsi ilə bağlı bilik və bacarıqlara malik vətəndaş cəmiyyəti təşkilatları liderləridir. Üzün müddətdir ki, həmin şəxslər fəaliyyətləri ilə QHT sektorunun ön sıralarındadırlar. Beynəlxalq və milli səviyyədə nüfuza malikdirlər. Ən əsası isə illərdir QHT cameəsində yetişən kadrlardır".
C.Hüseynzadə qeyd edib ki, uzun müddətdən sonra MQF bu islahatları çox yüksək səviyyədə rəsmi formada keçirə bildi: "Artıq növbəti mərhələdə MQF-nin yeni idarəetmə modelinin fəaliyyəti ilə bağlı konkret addımları atması vacib olacaq.
Qurultayda iştirak və çıxış edən Prezident Administrasiyasının QHT ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Tural Əliyev və QHT Agentliyinin icraçı direktoru Aygün Əliyeva Foruma mümkün dəstək veriləcəyini ifadə etdilər. Yeni komandanın kollegial idarəetmə bacarıqları çox yüksəkdir. QHT ilə yaxşı və vacib kommunikasiya imkanlarına sahibdirlər. Düşünürəm ki, yaxın gələcəkdə Forumun çevik icra aparatı da formalaşmalıdır. Məncə, MQF eyni zamanda QHT-nin problemlərini və çətinlikərini dövlət qurumlarına çatdıran ilk qurum olmalıdır. Forumun uğuru ümumilikdə QHT sektorunda peşəkar insanların artmasına da kömək edəcək".