Hələ də yaşıllıq massivlərinin qırılmasını həyata keçirən və buna göz yuman bir qrup məmurlar var
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) miqyasına və əhəmiyyətinə görə dünyada ən böyük və önəmli tədbirlərdən biridir. Azərbaycan məhz dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyini üzərinə götürüb. Bu ilin noyabr ayında bütün dünya Bakıda bir araya gələcək. Bu, Azərbaycanın milli və beynəlxalq səviyyədə illərdir apardığı siyasətə, o cümlədən, iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik” ili elan olunub və ölkəmizdə keçiriləcək COP29 yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün böyük müzakirə və fəaliyyət platforması olacaq. Enerji keçidi təkcə ekologiyanın mühafizəsi üçün deyil, həm də enerji təhlükəsizliyimizin gücləndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün böyük əhəmiyyət kəsb edir. COP29 ölkəmizdə yaşıl enerji layihələrinə və texnologiyalarına daha çox xarici investisiyaların cəlbinə təkan verəcək. Bu da dayanıqlı infrastruktura və ekoloji cəhətdən təmiz sənayelərə investisiyanın cəlb edilməsi, gələcəkdə “yaşıl” iş yerlərinin yaradılması imkanlarını təşviq edəcək. COP29 Azərbaycanda enerji mənbələrinin şaxələndirilməsi, bərpa olunan enerjiyə keçid, enerji səmərəliliyinə nail olunması istiqamətində görülən işləri və gələcək planlarımızı qlobal səviyyədə nümayiş etdirmək üçün mühüm fürsətdir. Ona görə də hazırlıq işlərinə tam gücü ilə start verilib. Məlumat üçün qeyd edək ki, hər bir COP konfransına ev sahibliyi edən ölkəyə ən azı iki il hazırlıq zamanı verilir. Amma COP29-a ev sahibliyi edəcəyimizin elan olunduğu tarixdən tədbirə cəmi 11 ay qalırdı. Zamanın az olmasını nəzərə alaraq, müvafiq dövlət qurumları prosesə cəlb olunub. Konfransın ən yüksək səviyyədə təşkili üçün bütün COP29 komandası səfərbərdir. Hər bir əməkdaş böyük həvəs və qürurla öz vəzifələrini yerinə yetirir. Ancaq əfsuslar olsun ki, Azərbaycanda bəzi məmurların fəaliyyəti dövlətin və rəhbərliyin "yaşıl dünya" naminə atdığı addımlara heç də adekvat deyil. Bir sıra məmurlar bu yanaşmaya zidd davranışlar sərgiləyirlər. Xəbərə görə, Qusar rayonunda meşədə ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb. Araşdırmalarda aydın olub ki, vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar torpaq sahəsinin təyinatı əsassız şəkildə dəyişdirilib. Vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılması, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi müəyyən edilib. Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub.
Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan dövləti tərəfindən uzun illərdir ətraf mühitin qorunması, yaşıllıq massivlərinin genişləndirilməsi, meşə massivlərinin artırılması, nəsli tükənməkdə olan heyvanların qorunub saxlanması, xüsusi qoruqların salınması üçün külli miqdarda vəsaitlər xərclənir, xüsusi layihələr həyata keçirilir. Deputatın sözlərinə görə, bütün bunlarla yanaşı, həm Heydər Əliyev Fondu, həmçinin müvafiq təşkilatlar, ətraf mühitin qorunması ilə bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti üzvləri tərəfindən bu cür layihələr uğurla həyata keçirilir:
"Təəssüflər olsun ki, hələ də yaşıllıq massivlərinin qırılmasını həyata keçirən və buna göz yuman bir qrup məmurlar var. Baş verən prosesləri doğru-düzgün dəyərləndirmirlər, ört-basdır etmək istəyirlər. Məlum hadisə ilə bağlı cinayət işi başladılıb və bu işdə əli olan bütün məmurlar cəzalanacaqlar. Bununla yanaşı, vətəndaş olaraq da çalışmalıyıq ki, ictimai qınaq olsun. İnsanlarımız bənzər hadisələrdə qətiyyən sakit durmamalıdır. Hardasa bir ağacın kəsildiyini, bir heyvanın öldürüldüyünü görürüksə, ətraf mühitin çirkləndirilməsi ilə bağlı bir hadisəyə şahidlik ediriksə, dərhal aidiyyəti qurumları məlumatlandırmalıyıq. Əgər Qusarda baş vermiş məlum hadisə ilə bağlı qurumlar məlumatlandırılsaydı, yuxarı instansiyalara məlumatlar çatdırılsaydı, bu qədər böyüklükdə bir ərazidəki ağaclar tələf edilməzdi. 50-60 yaşlı ağacların yenidən bərpa edilməsi üçün uzun illər lazım olacaq".
Parlament üzvü hər bir Azərbaycan vətəndaşını bu proseslərdə həssas olmağa çağırıb: "Hadisənin törədilməsində və ört-basdır edilməsində iştirakı olan bütün məmurlar cəzalandırılmalıdır. Dövlət qulluqçuları vəzifəsindən kənarlaşdırılmalı və bir daha onlara mühüm postlar həvalə olunmamalıdır. Çünki etimaddan sui-istifadə edirlər, öz vəzifə səlahiyyətlərini aşaraq dövlət siyasətinə qarşı çıxırlar. Nəinki ətraf mühitin çirkləndirilməsi və meşə massivinin məhv edilməsi prosesinə göz yumurlar, hətta bu prosesin iştirakçısına çevrilirlər. Bacardığımız qədər çalışmalıyıq ki, gələcəkdə bənzər hadisələrin qarşısını vaxtında alaq. Qətiyyən imkan verməyək ki, meşə massivlərimiz, parklarımız, ağac örtüyümüz, yaşıllıq örtüyü məhv edilsin".