"Xocalıya, öz evinə qayıdan Səriyyə Müslümqızının Prezidentlə söhbətinə qulaq asdım. Möhtəşəm səhnə idi! Səriyyə xanım Prezidentə, Birinci xanımı öz evinə dəvət elədi! Dedi Sizinlə 2017-ci ildə görüşmüşük. Mən də xatırladım o görüşü. Onda Səriyyə xanım Xocalı intizarındaydı".
"Sherg.az" xəbər verir ki, bu sözləri tanınmış jurnalist, "Yeni Müsavat"ın əməkdaşı Elşad Paşasoy deyib.
Jurnalist bildirib ki, Xocalıya ilk köçən sakinlərin Prezidentlə görüşü barədə yazısını qələmə aldıqdan sonra Xocalıya, Səriyyə Müslimqızına zəng edib:
"Səriyyə xanıma zəng elədim-Xocalıya!!! Bu, mənim Xocalıya ilk zəngim idi!! Ömrümdə Xocalı ilə danışmamışdım…32 il ərxində Xocalıya nə ev telefonu, nə mobil rabitə ilə zəng çatmamışdı…Bu gün bir zənglə telefonun Xocalı məkanından “bəli, qardaş”, cavabını eşitdim. Səriyyə bacıya gözaydınlığı verdim, başı müsibətlər çəkmiş, bu günsə azad, abad Xocalımıza salam yetirməsini xahiş elədim. Dəyərli həmkarım da Xocalıdan qucaqdolusu salamlar yolladı. Yazımla bağlı xoş sözlərini söylədi. Şükürlər olsun bu günlərimizə! Daha ürəyimiz parçalana-parçalana “Sizi qınamıram ay xocalılar”-a qulaq kəsilmirik, Xocalı ilə, Xocalılı bacımızla, qardaşımızla danışırıq! Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizi qorusun, Ali Baş Komandanımıza, Ordumuza yar olsun!".