Valehlikdən aliliyə...

Akademik Əhəd Canəhmədov haqqında düşncələrim...

Müdriklik səlahiyyəti verilən insanlar İlahinin sevib-seçdiyi bəndələridir... Bu sıradan olan insanlar sadə, səmimi, təvazökar, təmənnasız, nurani və qeyri-adi olurlar... Kimliyindən asılı olmayaraq kimsə bu cür seçilmiş səxslərlə təmasda olanda valeh olduğunu gizlədə bilmir. Eyniylə mən də hər dəfə Azərbaycanda tribalogiya elminin əsasını qoyan, dünya elminə “Mühəndislik fəlsəfəsi” kimi yeni bir nəzəriyyə bəxş edən, Azərbaycan elmini dünyanın ən ali elmi məclislərində, konqreslərdə, simpoziumlarda ləyaqətlə təmsil edən, bununla da Azərbaycan elmini dünya elmi səviyyəsinə yüksəldən, sadə, təvazökar, səmimi, təmənnasız, nurani, qeyri-adi və müdrik insan, elm xadimi, akademik Əhəd Canəhmədovla görüşəndə valeh oluram...  Əhəd müəllimlə görüşdə məkan yoxa çıxır, zaman isə dayanır... Söhbətin sehri, fikirlərin təzəliyi, auranın füsunkarlığı insanı zaman və məkan çərçivəsindən çıxarır, həmin fəlsəfi kateqoriyaların olmadığı bir məkana aparır - valehliklər dünyasına... Valeh olmaq Əhəd müəllimin uğurlarının ilk başlanğıcı olub... Alimin sözüdür : “Xızı dağları məni hələ uşaqlıqdan əməlli başlı valeh etmişdi... Sanki qeyri-adi qüvvənin sehrli fırçası ilə çəkilən bu rəngbərəng dağlar həmişə düşüncəmə hakim kəsilirdi... uşaq təxəyyülümdə bunun cavabını axtarırdım... doğrudur hər dəfə uşaq düşüncəsilə də müəyyən cavablar tapırdım, amma dünən tapdığım cavab bu gün məni heç qane etmirdi...  ”  Bəli, bu valehliyivə cavabların təzadlığını Əhəd müəllimi böyük elmə aparan başlıca amil hesab edə bilərik...

Akademikin həyat dəfətərindən:
 
Tribologiya və tribotexnika sahəsində dünya miqyasında tanınan alim, akademik Əhəd Canəhmədov 1946-cı ildə Xızı rayonunun Baxşılı kəndində anadan olub.Azərbaycan Neft və Kimya İnstitutunun Neft-mexanika fakültəsini bitirib. Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Maşınşünaslıq İnstitutunda məqsədli aspiranturada oxuyub. 1973-cü ildə namizədlik, 1989-cu ildə İ.M.Qubkin adına Moskva Neft və Qaz İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib.

Tribologiya elmi sahəsində Azərbaycanın ilk elmlər doktorudur. 1975-76-cı illərdə Böyük Britaniyada ilk sovet vətəndaşı və azərbaycanlı olaraq elmi stajkeçmədə olub.
 Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasında «Nəqliyyat mexanikası» kafedrasının müdiridir.  Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və Baş Elmi katibi seçilib. 2011-ci ildən Akademiyanın vitse-prezidentidir.
 
Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, sonra akademiki, Gürcüstan Milli Akademiyasının akademiki, Ukrayna Mühəndislik Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib.
 
Rusiya Mühəndislik Akademiyasının akademikidir və adı "Rusiya Mühəndislik Akademiyası” Ensiklopediyasına salınıb.
 Beynəlxalq «Sürtünmə və yeyilmə», «Neftqaz kompleksləri üçün avadanlıqlar və texnologiyalar», «Sürtünmə və yeyilmə problemləri», «American Association for Science and Technoloqy (AACIT)» (ABŞ) elmi jurnallarının redaksiya kollegiyasının üzvüdür.
İngiltərənin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən gümüş medalla, sonra isə qızıl medalla təltif olunub və "XX əsrin görkəmli elm adamı” fəxri adına layiq görülüb. 2000-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən elmdə xidmətlərinə görə qızıl medalla və "Beynəlxalq səfir” ordeni ilə təltif olunub.
 2006-cı ildə mühəndislik elminin inkişafındakı xidmətlərinə görə Mühəndislik Akademiyasının qızıl medalına, "Mühəndislik şöhrəti” ordeninə, Beynəlxalq Mühəndislik Akademiyasının "Böyük qızıl medalına”, Ukrayna Mühəndislik Akademiyasının "Podqornı adına qızıl medalına” və Qazaxıstan Respublikası Mühəndislik Akademiyasının "Mühəndislik şöhrəti” qızıl medalına, AzərbaycanMühəndislikAkademiyasının "Mühəndislik Rəşadəti” qızıl medalına, Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən Tribologiya sahəsindəki elmi kəşfinə görə Nobel mükafatı laureatı P.L.Kapitsa adına qızıl medala layiq görülüb. 2016-ci ildə "Beynəlxalq Mühəndislik Akademiyasının Fəxri Qızıl Nişanı” fərqlənmə nişanı və Diplomu ilə təltif olunub.
2018-ci ildə Rusiya Elmlər Akademiyasının "Elm və incəsənət cəngavəri" fəxri adı və ordeni ilə təltif olunub. 2018-ci ildə Rusiyanın "Əməkdar Mühəndis"i fəxri adına layiq görülüb.
2016-cı ildə Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətindəalimin həyat və yaradıcılıq fəaliyyətinə həsr olunmuş tammetrajlı "Beynəlxalq səfir" adlı sənədli filmçəkilib. Film televiziya ilə bir neçə dəfə nümayiş olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2000-ci ildə keçirilən "Ən yaxşı elmi iş" adlı müsabiqədə "Texniki elmlər üzrə neft və qaz quyularının bərpası üçün avadanlıqlar kompleksinin işlənməsi və tətbiqi üzrə" işinə görə laureat olub. 2007-ci ildə NASA (ABŞ) Qrantını, 2014-cü ildə ixtiraçılıq sahəsində Respublika müsabiqəsinin laureatı adını qazanıb.
Ə. X. Canəhmədov 400-ə qədər əsərin, o cümlədən, 60 monoqrafiyanın və kitabın, dərslik və dərs vəsaitinin, 30-dan çox patentin müəllifidir. Onun elmi əsərləri təkcə MDB məkanında  deyil, eləcə də digər xarici ölkələrdə məşhurdur. Əhəd müəllim  İngiltərə, Almaniya, Çexiya, Sloveniya, Avstriya, Yunanıstan, Yaponiya, Polşa, Finlandiya, İtaliya, Danimarka və b. ölkələrdə tribologiya və tribotexnika problemlərinə həsr olunan Dünya konqreslərində, Beynəlxalq simpoziumlarda, regional konfranslarda və yığıncaqlarda məruzə ilə çıxış etməklə Azərbaycanı ən mötəbər elmi məclislərin tribunalarında ləyaqətlə təmsil edib.
Ölkəmizin tarixində ilk olaraq "Metalpolimer sürtünmə cütlərinin üst qatlarında kontakt – impuls qarşılıqlı təsiri nəticəsində yeyilmə – friksion xarakteristikalarının dəyişmə qanunauyğunluqları" adlı elmi kəşfin müəllifidir (Diplom № 462, 2013-cü il).
2014-cü ildə "Metalpolimer cütlərin işçi qatlarında elektroteromexaniki sürtünmə prosesinin qanunauyğunluğunun reallaşdırılması" (Diplom № 476, 2014-cü il) və "Metalpolimer sürtünmə cütlərində yeyilən hissəciklərin kütləköçürmə təzahürü") adlı elmi kəşfləri (Diplom № 482, 2014-cü il) edib. 
Onun elmi əsərləri dünyanın bir çox elmi jurnallarında — "Машиноведение" (RF), "Friction and Wear" (ABŞ), "Вестник машиностроения" (RF), "Трение и износ" (Belarus), "Прикладная механика" (Rumıniya), "Механика" (Polşa), "Машиностроение" (RF), "Проблемы машиностроения и автоматизации" (Macarıstan), "Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" və digər nüfuzlu jurnallarda dərc olunmuşdur.
Ə.X. Canəhmədov "Fiziki-stoxastik tribomodelləşdirmə" (1988), "Neftqaz avadanlıqlarında tribotexniki problemlər" (1998), "Neftqaz avadanlıqlarında elastomerlərin mexanikası" (2002), "Neft tribologiyası" (2003), "Tribologiyada sinergetika və fraktallar" (2014), "Dağılma mexanikasına fraktal yanaşma" (2015), "Ekologiyada sinergetika və fraktallar" (2017, Almaniya), eləcə də "Həqiqətin fəlsəfəsi" (2016) və "Mühəndislik Fəlsəfəsi" (2017) adlı elmi əsərlərin (traktatların) müəllifidir. Məşhur Amerika nəşriyyatı "Springer" onun fundamental monoqrafiyasını "Synergetics and Fractals in Tribology" (2016) ingilis dilinə tərcümə edərək nəşr edib və bu əsərlər alim və mütəxəssislərin böyük rəğbətini qazanaraq müəllifin beynəlxalq nüfuzunu artırıb. 
Onun təşəbbüsü və bilavasitə iştirakı ilə 1997-ci ildə "Tribotexnika" ixtisası üzrə Ali məktəbə qəbul həyata keçirilib və bu proses indi də davam edir.
Ə. X. Canəhmədov azərbaycan dilində ilk dəfə yazılan "Tribologiyanın əsasları", "Qazma maşın və avadanlıqları", "Tətbiqi mexanika" və "Aviasiya materialşünaslığı" dərsliklərinin müəllifidir. Həmçinin, azərbaycan dilində ilk dəfə yazılmış bir neçə dərslik və dərs vəsaitləri həmin ixtisaslar üzrə milli kadrların hazırlanması üçün əvəzsiz töhfədir.
Akademikin elmi fəaliyyətinin əsas istiqamətini maşın və avadanlıqlarda tribotexniki problemlər və onların sahə üzrə təcrübi tətbiqi təşkil edir. "Yeyilmənin termomexaniki nəzəriyyəsi"nin (1988) və "Sürtünmənin elektrotermomexaniki nəzəriyyəsi"nin (2012) müəllifidir.
Onun rəhbərliyi altında respublikamızda və xarici ölkələrdə 20-yə qədər namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib.
1989–1990-cı illərdə SSRİ Ali Təhsil Şurasının üzvü, 1992–1993-cü illərdə isə Azərbaycan Dövlət Ali Ekspert Şurasının üzvü olub.
1994–2006-cı illərdə dissertasiya şurasının həmsədri, eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodiki "Maşınqayırma və metallurgiya" şurasının bölmə sədri, 2006–2009-cu illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın texniki elmlər üzrə ekspert şurasının sədri olub. 2013-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının üzvü seçilib.
2009-cu ildən yeni təsis olunmuş "Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri" Beynəlxalq elmi-texniki jurnalının Baş redaktorunun müavinidir.
2013-cü ildən Londonda nəşr olunan SAEQ elmi-texniki jurnalının Baş redaktordur.
Alim mühəndisliyin inkişafındakı müstəsna xidmətlərinə, yeni texnologiyaların və materialların işlənib hazırlanmasında və tətbiqində yüksək nəticələrinə, Beynəlxalq və Azərbaycan mühəndislik akademiyalarının fəaliyyətində fəal iştirakına, mühəndislik elminin, eləcə də dövlətlərarası elmi-texniki əlaqələrin inkişafındakı xidmətlərinə görə akademik Boris Qusev adına Beynəlxalq mükafata layiq görülüb və "Şöhrət Ulduzu" ordeni ilə təltif edilib.
Əhəd müəllimin tərcümyi-halı o qədər zəngindir ki, qısa bir yazıda onu əhatə etmək olduqca çətindir... Əhəd müəllim mənsub olduğu elm sahəsində Azərbaycanı dünya səviyyəsində təmsil etməklə əslində bir elçi, bir səfir rolunu oynamaqdadır... Onun iştirak etdiyi, sədrlik etdiyi beynəlxalq elmi məclislərdə həmişə stolun üstündə Azərbaycanın bayrağı qoyulur... Daim heyrətlə, diqqətlə qarşılanan məruzələri isə Azərbaycan adından təqdim olunur...
Mən həmişə bu vətənpərvər, dünya şöhrətli alimin fəaliyyət göstərdiyi elm sahəsində malik olduğu böyük nüfuzu doğma ölkəsinin, böyük vətəninin adı ilə bağalmasının şahidi olmuşam. Əhəd müəllim bütün uğurlarında heç vaxt “mən” ifadəsi işlətmir. O, ən ali elmi məclislərdə belə Azərbaycanla qoşa “addımlayır”... 
Əhəd müəllimin elmi fəaliyyətinin nüfüz göstəricisi onun mötəbər beynəlxalq elmi məclislərə dəvət edilməsi və həmin məclislərə sədrlik etməsidir. Bir neçə ay öncə AZƏRTAC-ın “Elm və təhsil” bölməsində  növbəti bir məqaləyə rast gəldim.   


Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının kafedra müdiri, akademik Əhəd Canəhmədov Niderlandın Amsterdam şəhərində keçirilən 6-cı Ümumdünya Konqresində elmi məruzə ilə çıxış edib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, konqresə həmsədrlik etmək kimi məsul bir vəzifə, həm də konqresin ilk günündə moderatorluq etmək ona həvalə olunub. Əhəd Canəhmədov konqresi giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Qeyd edib ki, konqresdə Avropa, Amerika, Asiya və Afrika ölkələrinin alimlərinin nümayəndələri təmsil olunur. Alimlərin etnik və dini mənsubiyyətləri müxtəlif olsa da, onları elm birləşdirir. Elm sosial və siyasi sərhədləri tanımır. Elm bəşəriyyətın inkişafına xidmət edir.
“Konqres elm nümayəndələri üçün yaxşı bir platformadır, yeni ideya və təcrübə mübadiləsi aparmaq, elmi və işgüzar əlaqələr yaratmaq, gələcək əməkdaşlıq üçün imkanları müzakirə etmək üçün səmərəli bir şəraitdir. Konqresin işinə uğurlar arzulayıram. Materialşünaslığın qlobal problemlərini müzakirə etmək üçün konqresin proqramına uyğun işimizə başlayaq”, – deyə o çıxışını bitirib.
Beynəlxalq tədbirdə akademik Əhəd Canəhmədov “Sinergetik prinsiplər və kiçik tsiklli yorğunluq şəraitində materialların dağılma qanunauyğunluqları” mövzusunda elmi məruzə edib. Ona sədrlik etmək haqqında və məruzəçi kimi sertifikatlar təqdim olunub.Konqresin işi 2 gün davam edib.
Bu məqaləni burada olduğu kimi verməkdə məqsədim yuxarıda Əhəd müəllim barədə bölüşdüyüm fikirlər haqqında oxucularda bir daha əminlik yaratmaq, bu dəyərli elm xadimini onlara olduğu kimi təqdim etməkdir. Əhəd müəllim fəxr ediləsi, qürur duyulası görkəmli Azərbaycan alimidir. Akademik elmi fəlaiyyətlə yanaşı, həm də “Mühəndislik fəlsəfəsi” kimi yeni fəlsəfi nəzəriyyənin, elmi traktatın banisidir. Mühəndislik fəlsəfəsi yaranışa bir mühəndisi baxışdır və bu nəzəriyyə sözün həqiqi mənasında insanı heyrətləndirir, ona kainat haqqında tamamilə yeni bilgilər, yeni baxış nöqtəsi bəxş edir. Bircə misal çəkəcəyəm və şahid olacaqsınız ki, Əhəd müəllimin fəlsəfi dünyası necə ali fikirlərlə zəngindir. Alimə görə planetlərin düzülüşü və nizamlı hərəkəti kainatın bir mühəndislik fəlsəfəsi əsasında yaradıldığını təsdiq edir. Sanki hər bir şey öncədən ölçülüb biçilmiş, kainatın ən böyük mühəndisi nizamı veriləndən, parametrləri hesablanıb dəqiqləşdiriləndən sonra hərəkətə gətirilmişdir. Bu nizam-intizam, bu sabit hərəkət və dəqiq ahəng, yalnız öncədən cızılıb işlənmiş, ölçülüb hesablanmış qeyri-adi, İlahi mühəndisi layihə əsasında yaradılıb və Böyük partlayışdan sonra hərəkətə gətirilib. Möhtəşəm firikdir, deyilmi?! 
Əhəd Canəhmədov o nurlu şəxsiyyətərdəndir ki, hamının ehtiram ünvanına çevrilir və hamıya da sevgi ilə yanaşmağı bacarır. Əhəd müəllimlə tanış olub ona ehtiram bəsləməmək sadəcə mümkün deyil. Əlbəttə bu nurlu şəxsiyyətin, böyük alimin fədakar əməyi diqqətdən kənar da qalmır. Onun əməyi tez-tez müxtəlif ödüllər, orden və medallarla dəyərləndirilir. Bu yaxınlarda belə tədbirlərin birində mən də iştirak edirdim....
Tədbirdə edilən çıxıçdan sitatlar...
“...Azərbyacan mühəndislik elminin inkişafında müstəsna xidmətlərinə, dünya elminə verdiyi töhvələrə görə, mühəndislik fəlsəfəsinin banisi, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının «Nəqliyyat mexanikası» kafedrasının müdiri, görkəmli alim, akademik Əhəd Xanəhməd oğlu Canəhmədov “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” dərgisinin təsis etdiyi “Vətən Övladı” ordeni ilə təltif olundu. Tədbirdə qeyd olundu ki, Ə. Canəhmədov  Azərbaycanın o nadir şəxsiyyətlərindəndir ki, tribalogiya elmi sahəsində dünyanın tanınmış alimləri onun tədqiqatlarını yüksək dəyərləndirir, elmi nailiyyətlərini tribalogiyada əsl hadisə adlandırırlar. Azərbaycanı dünyanın ən ali elmi məclislərində, simpoziumlarda, konfranslarda ləyaqətlə təmsil edən Əhəd müəllim ölkəmiz, vətənimiz, xalqımız adına xeyli uğurlara imza atıb. Dəyərli alimimiz dünya Mühəndislik elmində elə bir mükafat yoxdur ki, ona layiq görülməsin. Beynəlxalq elmi tədbirlədə alimimizin yeri bir qayda olaraq həmişə rəyasət heyətinə təyin olunur və qarşısında həmişə Azərbaycanın üç rəngli bayrağı qoyulur...”
... Bu kəlmələri dinlədikcə gözüm önündə əsl Azərbaycan ziyalısının nurlu portreti canlanır və dünyanın saf, ləyaqətli, nurlu insanlardan xali olmadığına sevinirəm... Nə yaxşı ki, bizim Əhəd Canəhmədov kimi misilsiz, müdrik şəxsiyyətlərimiz var... 
Əhəd müəllim həm də gözəl şairdir, təkrarsız şeirlər müəllifidir... Bir damla mürəkkəbə həsr etdiyi kişik bir şeirində olan böyük məna bütün dünyanın mahiyyətini açır... və bir damla mürəkkəblə yazılan hökm dünyanı məhv də edə bilər, o bir damla mürəkkəblə yazılan elmi kəşf dünyanı xilas da edib gözəlləşdirə bilər... Əhəd müəllimin bir damla mürəkkəblə yaratdıqları yalnız və yalnız gözəllik və rifah üçün, xoşbəxliyə qovuşdurmaq üçündür... mürəkkəbiniz tükənməsin əziz Əhəd müəllim!... 
ELDAR  İSKƏNDƏRZADƏ
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan 
Jurnalistlər Birliyinin üzvü, telejurnalist.