İsti havalar ürək xəstələri üçün təhlükədir  - DİQQƏT

"Ürəyi zəif olanlar mütləq başında papaq və ya çətirlə gəzməlidirlər"
  
  Ürək xəstəlikləri və insult üçün əsas risk faktorları düzgün olmayan qidalanma, fiziki hərəkətsizlik, tütün və alkoqol kimi zərərli vərdişlərdir. Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktor müavini, professor Rafail Daşdəmirov  danışıb. 
  R.Daşdəmirovun sözlərinə görə, ürək-damar sisteminin ən çox görülən patologiyalarına hipertenziya, aritmiya, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı daxildir. Ürək-damar xəstəlikləri üçün risk faktorlarına gəldikdə isə professor deyib ki, kardiologiyada “ürək-damar qəzaları üçün risk faktorları” anlayışı var: “Faktorlar qan tədarükünün kəskin pozulması kimi başa düşülür. Bu, ürək əzələsində baş verərsə infarkt, beyində olarsa insult adlanır. Davranış risk faktorlarının təsiri qan təzyiqinin, qan qlükozasının, qan lipidlərinin artması, artıq çəki və piylənmə ola bilər. Bu “ara risk faktorları” ilkin tibbi yardım müəssisələrində qiymətləndirilə bilər. Elmi cəhətdən sübut olunub ki, duz qəbulunu azaltma, meyvə-tərəvəz istehlakı, müntəzəm fiziki fəaliyyət, tütün və alkoqol kimi zərərli vərdişlərdən imtina ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Bundan əlavə, şəkərli diabet, yüksək qan təzyiqi və yüksək lipid səviyyələri olan insanlarda ürək-damar xəstəliklərinin riskini azaltmaq, infarkt və insultun qarşısını almaq üçün dərman müalicəsi lazım ola bilər”.
  Ürək-damar cərrahı Ramil Əliyev "Sherg.az"a açıqlamasında deyib ki, ürək xəstəlikləri adətən gizli inkişaf etdiyi üçün ürək xəstəliklərinə işarə edən simptomlara diqqət edilməlidir. Onun sözlərinə görə, zamanında müdaxilə ilə xəstənin həyatını qurtarmaq mümkündür:

“Xəstə ürəyin əsas əlamətləri təngnəfəslikdir. Piyada gedəndə, pilləkənlə qalxanda, adi ev işləri görəndə təngnəfəs olursunuzsa, bu, ürəyin zəifləməsinə işarə edir. Eyni zamanda baş gicəllənməsi və ürək döyünməsinin artması, sinədə ağrılar (Ağrı qola, çiyinlərə, aşağı çənəyə də "vura" bilər) və yuxusuzluq problemidir. Belə ki, daim özünü yorğun hiss edən, tez yorulan, yuxusuzluqdan əziyyət çəkən insanda ciddi ürək problemi ola bilər. Ürək tutması və ya infarktdan 1 həftə əvvəl pasiyentlər güclü yorğunluq hiss edir və bu yorğunluq hətta dincələndən sonra azalmır”.
  Həkimin sözlərinə görə, soyuq tər ürək fəaliyyətinin zəifləməsinə işarə edir.
Eyni zamanda ayaqların şişməsi - ürəyin fəaliyyəti zəifləyəndə qan dövranı pozulur və bu da şişkinliyə gətirib çıxarır. Dəridə solğunluq - dərinizin rəngi dəyişilib və solğunlaşıbsa, bu, ürək problemlərinə işarədir. Keçməyən öskürək - ürəyin fəaliyyəti pozulanda maye ağciyərdə yığılmağa başlayır ki, nəticədə üzücü, heç bir müalicəyə tabe olmayan öskürək inkişaf edir.
  R.Əliyev ölkə ərazisində hökm sürən isti hava şəraiti ilə bağlı da ürəyi zəif və ya xəstə olan insanlara xəbərdarlıq edib. O həmçinin qeyd edib ki, isti hava hətta ürəyindən şikayəti olmayan insanlar üçün belə təhlükəli, riskli ola bilər: “Yüksək hərarətdə istənilən fiziki aktivlik, hətta piyada gəzmək belə tərləməni və orqanizmin su itkisini artırır. Bu su ilə birgə lazımi elementlər, minerallar – natrium, maqniy, kalium da yuyulub gedir. Bunlar isə ürəyin normal işləməsi üçün çox lazımdır. Nəticədə ürəyə qan dövranı miqdarı azalır, nəbz yüksəlir, taxikardiya başlayır. Maye azlığı nəticəsində ürək əzələləri daha tez-tez yığılıb açılmağa başlayır. Qanın maye hissəsi plazma istidən azalır, bu da qanın laxtalanmasını artıraraq, tromb, tromemboliya, ürək tutulması yaradır. Sağlam insanın ürəyi istiyə yorğunluq, halsızlıq və təngnəfəsliklə reaksiya verir”.
  Cərrahın sözlərinə görə, ürəyi zəif və xəstə olanlarda isə vəziyyət həyati təhlükəli ola bilər. Ən təhlükəlisi infarkt və tromboemboliyadır: “Susuzluğu yatırtmaq üçün qazlı, şirin su içmək olmaz, çox isti çay da məsləhət deyil, gün ərzində tez-tez adi təmiz su için. Suyu az-az, tez-tez içmək lazımdır. Ürəyi zəif olanlar sıx alt geyimi, rezinli geyimlər, sintetik parçalar istifadə etməməlidir. Mütləq başında papaq və ya çətirlə gəzməlidirlər”.