Yay aylarında ağcaqanad dərdi  - TÖVSİYƏ

Bizi həm də ağcaqanadlar öldürür

Həkimlər ağcaqanad dişləməsin deyə "toka taxılan" və ya tüstülənən  dərmanlardan istifadəni məsləhət görmür

  Yay aylarında ağcaqanadlar hər kəs üçün problem ola bilər. Ağcaqanadlarla mübarizə xüsusən də açıq havada olduğunuz zaman düşündüyünüzdən qat-qat çətindir.
Ağcaqanadlar və onların yaydıqları xəstəliklər tarixdəki bütün müharibələrin cəmindən daha çox insanı öldürüb. Onlar insanlarda ciddi xəstəliklərə səbəb ola bilən patogenləri (məsələn, malyariya, Zika virusu) daşımaq qabiliyyətinə görə sağlamlıq riski yaradırlar. Bu səbəbdən bədəni ağcaqanadlardan qorumaq lazımdır.
Araşdırmalara görə, müəyyən qidaları müntəzəm qəbul edən insanları ağcaqanad sancmır.
Bu qidalar arasında C vitamini mənbəsi olan  sitrus meyvələri, çiyələk, kivi, bolqar bibəri və s. yer alır. 
O cümlədən çoxlu su, tərkibində sink olan qidalar, yağsız ət, quş əti, paxlalılar, çərəzlər, toxumlar və Omega-3 yağ turşusu ehtiva edən qidalardır. 
  Antioksidantlarla zəngin qidaları,  çiyələk, üzüm, ispanaq, kələm, brokoli, sarımsaq və sarıkök yeyənləri də ağcaqanad sancmır.
Bu siyahıda  D vitamini mənbələri: yağlı balıq, zənginləşdirilmiş süd məhsulları və yumurta sarısı, bəzi göbələk növləri və B vitamini qaynağı olan qidalar: bütöv taxıllar, yaşıl yarpaqlı göyərtilər, lobya, ətin də adı var. 
  Allerqoloq-immunoloq Elvina Davlyatovanın araşdırmasına görə, bir insanın ağcaqanad üçün cəlbediciliyi dərisində yaşayan mikroblardan asılıdır. O əlavə edib ki, ağcaqanadların hücumu riskini azaltmaq üçün açıq rəngli paltar geyinmək lazımdır. Əlini yelləyib onları qaçırmağa çalışmayın. Çünki vibrasiya və hərəkətlər böcəklər üçün yaxınlıqda yırtıcı olduğuna dair bir siqnaldır. 
  Mövzu ilə bağlı “Sherg.az"a danışan pediatr Aytən İsmayılova isə ağcaqanad dişləməsin deyə "toka taxılan" və ya tüstülənən  dərmanlardan istifadəni məsləhət görmür. Həkim deyib ki, bu vasitələr  uşaq orqanizmi və hamilələr üçün zərərlidir: 

“Ağcaqanad uşağa yaxın gəlməsin deyə lavanda və kamfora yağlarından uşağın yastığına, paltarına vurmaq olar. Ağcaqanad dişlədikdə isə soyuq suda islanmış  dəsmalla və ya buz paketi ilə silmək, qatıq yaxmaq qaşıntıları azaltmağa kömək edir.  Lakin ağcaqanad dişləməsindən qorunmaq, onun qarşısını almaqdan daha yaxşıdır.
  Ağcaqanadların dişləməsilə bəzi xəstəliklər keçir: - Malyariya, Denqe qızdırması, Sarı qızdırma, Yapon ensefaliti.
Amma hepatitlər və Qiçs virusu keçmir, çünki onlar ağız suyu, tər, göz yaşında olmur. Düzdü, ağcaqanadın göz yaşı və təri olmur, amma ağız suyu var. Və o, ikinci dəfə dişləyəndə birinci ağız suyu buraxır. Ağcaqanadın xortumunda belə bir xüsusiyyət də var ki, əvvəl sorduğu qan klapanla bağlanır və ikinci dəfə geri qayıtmır. Yəni ağcaqanad udduğunu qusa bilmir. klapan birtərəfli açıldığına görə. 
Yuxarıda saydığımız infeksiyalar isə ağız suyunda da yaşadığı üçün ağcaqanadla ötürülə bilir.  Ölkəmizdə malyariya halları qeyd olunsa da,  digər infeksiyalar qeyd olunmayıb. Amma yolunuz elə bir yerlərə düşsə, məsələn, Afrika ölkələrinə, o zaman sarı qızdırmaya görə peyvənd olunmanız məsləhətdir”.