Bakının su problemi ciddiləşir-Açıqlama

Dəniz suyundan istifadə gündəmə gətirilməlidir

Gələcəkdə yarana biləcək problemlərin həllinə nail olmaq üçün alternativ su mənbələrindən istifadə planları işlənməlidir
 
 Bakıda su yenə kəsildi. Baxmayaraq ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir işlərinin avqustun 16-da baça çatdığı, kəmərin su ilə doldurulmağa başlandığı, mərhələ-mərhələ suyun verilməsinə başlandığı, avqustun 18-dən etibarən artıq bütün ərazilərə suyun verilməsinin təmin edildiyi bildirilmişdi. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatları belə idi: “Oğuz-Qəbələ-Bakı kəməri içməli su ilə tam həcmdə doldurulub, su paytaxta daxil olub. Öncədən də elan etdiyimiz kimi günorta saatlarında əhalinin su təminatı normal rejimdə bərpa olunacaq". “Günorta saatlarından sonra suyun Bakının digər ərazilərinə də çatması mümkün olacaq”. “Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin tam yekunlaşmasından sonra bəzi ərazilərə suyun qrafikə uyğun verilə bilməməsinin səbəbi magistral xəttin doldurulma prosesinin davam etməsidir. Texniki qaydalara uyğun olaraq, suyun verilmə rejiminin tədricən bərpası prosesi gedir. Artıq 80 faiz ərazi içməli su ilə təmin edilib”.
 Bəs nə oldu? Niyə kəmərdə yenidən təmir işlərinə başlandı? İndi səbəb kimi baş vermiş qəza göstərilir: “Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramana qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq”. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi məlumatında deyilir. Qeyd edilir ki, avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır. Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.
Kəmərdə nə baş verir, niyə su şəhərə tam gəlib çıxmamış yolda “dayanır”, əhali yenə susuz qalır?

 Ekoloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında bildirdi ki, Oğuz-Qəbələ-Bakı su kəməri paytaxtı su ilə təmin edən əsas su kəmərlərindən biridir:

- Çox təəssüf ki, texniki işlər zamanı bu cür hallar yaranır. Bakı və Abşeron yarımadasında 4 milyon insan yaşayır. 4 milyonun hamısını  bu kəmərin suyu ilə   təmin etmək mümkün deyil. Paytaxt  şərti olaraq hissələrə bölünüb və hər hissə bir kəmər vasitəsilə su ilə təchiz edilir. Paytaxtın 5-ə yaxın su mənbəyi var. Bir mənbədə su olmayanda digər mənbələrdən suyu ora yönləndirmək faktiki mümkün deyil. Qaz və ya elektrikdə bu, mümkün olur, amma su ilə bağlı mümkün deyil. Gələcəkdə yarana biləcək oxşar problemlərin həllinə nail olmaq üçün alternativ su mənbələrindən istifadə planları işlənməlidir. Bunlardan biri də dəniz suyundan istifadədir. Bildiyiniz kimi, Xəzər dənizinin suyunu şirinləşdirəcək qurğuların tikilməsi nəzərdə tutulub. Bu reallaşacağı təqdirdə Abşeron yarımadasının şərq hissələrinin su ilə təchizatı mümkün olacaq.