Tariximizin ən şanlı səhifəsini vərəqləyirdi…

Cümhuriyyətimizin ziyasında Nəsiman müəllim özü də işığa bürünmüşdü 


Ölümünə qəlbən təəssüfləndiyimiz, “heyıf”, dediyimiz insanlar azdır. Həsiman Yaqublu da belə azlardan, azsaylılardandı. Son bir neçə ildə Vətənimiz, dövlətimiz, millətimiz və xüsusən də cəmiyyətimiz üçün gərəkli olan neçə belə insan itirmişik, düşünsək, sadəcə bir neçəsi xatırlanacaq. Nəsiman Yaqublu da ölümüylə cəmiyyəti sarsıtdı. “Çox heyif, çox yaxşı ziyalı idi, çox yaxşı insan idi, işıqlı insan idi” deyir hamı. Ondan kiminsə incidiyini, ya da onun kimisə incitdiyini ehtimal etmək də olmur. Hamıya qarşı nəzakətli, mehriban, alicənab davranan əsl ziyalı idi  Nəsiman müəllim. Ölüm xəbərinə ən çox heyfslənən, ən çox kədərlənən ailəsi daxil olmaqla əlbəttə, yəqin ki tələbələridir. Sosial şəbəkələrdə “Allah sizə rəhmət eləsin, müəllim. Nə yaxşı ki sizi tanımışıq”, yazanlar yüzlərlədir.        
Biz media mənsubları üçünsə Nəsiman Yaqublu digər alimlərimiz, ziyalılarla yanaşı həm də Cümhuriyyət dövrünə, Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin həyatına işıq salan şəxs idi. Cümhuriyyətimizin ziyasında Nəsiman müəllim özü də işığa bürünmüşdü. Tariximizin bu şanlı səhifəsini vərəqləyirdi hamı üçün. Xalqımız, millətimiz, dövlətimiz  üçün böyük işlər görmüş ziyalı – tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti tarixi və Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı Nəsiman Yaqublunun həyatına nəzər salmaq borcumuzdur.    
Nəsiman Qara oğlu Yaqublu 22 fevral 1962-ci ildə  Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. 1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərib. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.2001-ci ildə "Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə "Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı müxtəlif ölkələrdə keçirilən elmi-konfransların iştirakçısı olub. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı və "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilib. 
Nəsiman Yaqublu Müsavat Partiyası Divanının 12 iyul 2024-cü ildə növbədənkənar iclasında alınan qərarla partiyanın 2024-cü il növbədənkənar parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi olub. Verilən məlumata görə, 25 avqust 2024-cü ildə seçiciləri ilə görüşmək məqsədilə Zəngilan rayonuna etdiyi səfərdən geri dönərkən Cəbrayıl rayonu ərazisində idarə etdiyi "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşını yol kənarına aşırıb.  Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli xəstəxanasına çatdırılıb.  N. Yaqublu saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub, ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib. Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq o, saat 18:43-də vəfat edib. N.Yaqublunu dünən son mənzilə ailə üvləri, dostları, ziyalılar və tələbələri yola salıb. O, Zabrat qəsəbəsindəki qəbirstanlıqda torpağa tapşırlıb. 
Allah rəhmət eləsin, ruhu şad olsun!

P.S.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, baş redaktorun birinci müavini Yusif Nəzərli və qəzetin kollektivi, eləcə də “Sherg.az” saytının kollektivi dəyərli alim, ləyaqətli, vicdanlı insan Nəsiman Yaqublunun vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə, silahdaşlarına və elmimizə dərin hüznlə baş sağlığı verirlər.