3 gün öncə "20 Yanvar" metrosunun yeraltı keçidindəki mağazalar sıxlıq səbəbiylə bağlanıldı.
Həmçinin, “manatlıq taksilər”in fəaliyyəti də məhdudlaşdırılıb.
Lakin bu tədbirlərə baxmayaraq hələ də sıxlıq, tıxac müşahidə olunur.
Maraqlıdır, buna səbəb nədir? Hansı alternativ üsullardan istifadə etməliyik?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev "Sherg.az"a bildirib ki, bu ilin əvvəlindən ''20 Yanvar'' dairəsi və ''Sumqayıt'' istiqamətində silsilə tədbirlər görülüb:
''İlk olaraq Bakı-Sumqayıt arasında müasir avtobuslar ekspress xətti buraxıldı. Daha sonra Bakı, Xırdalan, Sumqayıt, Pirşağı istiqamətində dəmir yolu reyslərinin sayı artırıldı. Bu ilin payız aylarında yeni gələn qatarların hesabına prosses davam etdiriləcək. Həmçinin, keçən həftə Tbilisi prospekti boyu avtobus xəttləri çəkildi. "20 Yanvar" metrosunun ətrafında qeyri-qanuni "manatlıq" taksilər də qismən yığışdırılır və yeraltı keçiddə ticarət obyektlərinin fəaliyyəti dayandırıldı. Fikrimcə, həmin tədbirlər genişləndirilməlidir. Metro çıxışlarına daha yaxın nöqtədə avtobus dayanacaqları yerləşdirilməlidir ki, insanların Avtovağzala sürətli hərəkəti təmin olunsun. Bu istiqamətdə bir neçə avtobus fəaliyyətdədir. Lakin daha uzun platformaların təşkilinə ehtiyac var. Həmçinin, bu üsul qeyri-qanuni sərnişindaşınmanın da qarşısını alacaq. Fikrimcə, vətəndaşlar yeni qaydaları anlayışla qarşılamalıdırlar. Sumqayıta gedən müasir avtobusları sayəsində insanlar qısa zaman kəsiyində mənzil ünvanına çata bilərlər. Bütün bunlara baxmayaraq, həmin ərazidə nəzarət tədbirlərinə ehtiyac var. Çünki hazırda 20 Yanvar dairəsində tam nizam-intizam qurulmayıb. Yəni, qeyri-qanuni sərnişindaşımalar metro çıxışı, dairə ətrafında toplaşıblar. Bu da hərəkətə maneçilik törədir. Qeyd edim ki, 2023-2024-cü illərdə 10 ədəd Stadler FLIRT tipli sərnişin qatarının alınması Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcək. 10 qatardan 7-i artıq Bakıdadır və sınaqdan keçirilir.İl sonuna kimi qalanlarının çatdırılması nəzərdə tutulur".