Dünyada ən isti yay: Bu aydan quraqlıqdan yağıntılara doğru keçid edəcəyik -EKOLOQ

Avropa Birliyinin (AB) Kopernik peyk izləmə sistemi 2024-cü ilin yayının dünyada "ən isti yay" olaraq qeydə alındığını açıqlayıb.
Bakupost.az xəbər verir ki, açıqlamaya görə, 2024-cü ilin avqust ayı 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yuxarı qalxaraq dünyanın ən isti avqustu olub.
Belə ki, bu yay qlobal miqyasda “ən isti yay” kimi xarakterizə edilib.
2024-cü ilin yayı Avropanın qərbində və şimalında orta səviyyədən daha rütubətli olub, Aralıq dənizi regionunun böyük hissəsi və Şərqi Avropa isə mövsüm boyu orta şəraitdən daha quru olub.



AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Ənvər Əliyev “Sherg.az”a bildirib ki, dünya öz orbiti ətrafında cəzbetmə qüvvəsi ilə deyil, siyasi faktor əsasında fırlanır:

“Yer kürəsini artıq siyasətçilər idarə edir. Dünyanın bir çox ölkələri, o cümlədən Rusiya, Çin, Braziliya, Kanada bu işlərdə olduqca dəqiqdirlər. Yer kürəsinin ümumi yağıntı və istilik balansı pozulmayıb. Cənub Şərqi Asiya ölkələrində də yağıntılar çoxdur. Azərbaycana isə 8 növ hava kütləsi daxil olur. Onlarında hər biri özü ilə fərqli hava tipi gətirir. Bu mənada görürük ki, Bakıda gün ərzində dəfələrlə təzyiq və temperatur dəyişir. Bunların hər biri təbiətin özünəməxsusluğudur. Adətən bizim ölkədə 2020-2022 -ci illərdə yağıntılı, qar çovğun dövrü olub. İnanıram ki, bu qış da yay kimi özünəməxsus olacaq. Ola bilsin bu qışdan başlayaraq hava nəmişliyə doğru getsin. Adətən Cənub-Şərq istiqamətimizdə quyruqlu ulduz var və İran tərəfdən görünür.  Yayın tən ortasında, yəni 45 günlüyündə doğur. O zaman havalar biraz sərinləyir. Bu yay yağıntılı keçdiyinə görə, ekologiya pozulub. Ümumiyyətlə fəslin yaranması dəyişməyibsə, yox da ola bilməz. Düşünürəm ki, sentyabrın 15 dən sonra havalar sərinləyəcək. Fəsil isə Yer kürəsinin fırlanma oxunun, fırlanma müstəvisinə olan nisbətində dəyişiklik olarsa dəyişə bilər. Bu cür istilər 1889, 1911, 1920, 1946-1948-ci illərdə həddən artıq olub. Mənə elə gəlir ki, artıq quraqlıqdan yağıntılara doğru keçid edirik”.