Hər bir insan həyatda müxtəlif çətinliklərlə üzləşə bilər. Bütün bu çətinliklər insanın ruhi-psixoloji durumuna təbii ki, mənfi təsir edir. Lakin ağır dönəmləri dəf etməyin yolları, üsulları da var.
“Sherg.az” NTV.com.tr”yə istinadən çətin dövrlər yaşayan insanların toparlanmasına yardım edəcək faydalı məsləhətləri təqdim edir. Hətta ən çətin anlarda da insanın özünü daha yaxşı hiss etməsi, həyata bağlanması mümkündür. Bunun üçünsə, sadəcə, taktiki 5 şərtə əməl etmək lazımdır. Birinci şərt sadə ləzzətlərdir. Sadə ləzzətlər ən çətin anların sığınacağıdır. Məsələn, sevdiyi çayı dəmləyin, ahəstə şəkildə içməyə başlayın, seriala baxın və ya açıq havada gəzinti kimi kiçik zövqlərə daha çox vaxt ayırın. İkinci şərt, yeniliklərə açıq olmaqdır. Çətin dövrlərdən keçərkən, hadisələrə fərqli prizmadan yanaşmaq üçün bu, bir fürsət ola bilər. Bu səbəbdən fərqli düşünərək fərqli nəticələr əldə etməyə çalışın. Üçüncüsü, ağır dönəm keçirirsinizsə, ilk növbədə təklikdən uzaqlaşmağa çalışın. Çətin anlarda özünüzü təcrid etmək və hər şeydən uzaqlaşmaq istəyə bilərsiniz. Ancaq bu, daha ağır nəticələrə gətirib çıxarar. Təkliyə qapılmaq əvəzinə sizi anlayan və dəstəkləyən insanlarla ünsiyyət qurun. Dördüncü şərt müsbətlərə meyl etməkdir. Çünki insan nəyə daha çox diqqət yetirirsə, o, ona yönəldir. Buna görə də, mənfiliklərə diqqət yetirmək əvəzinə, həyatınızdakı yaxşı şeylər haqqında düşünün. Beşinci şərt isə keçmişdən dərs çıxarmaqdır. Keçmişdə dəf etdiyiniz çətinliklər haqqında düşünmək sizə doğru yolu göstərəcək. O zaman sizin üçün yaxşı olan nə idisə, onu xatırlamaq sizə yeni ideyalar inkişaf etdirməyə kömək edəcək.