Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaq

“Bakı Metropoliteni” QSC-nin illik hesabatlarında enerji sərfiyyatı və enerjiyə qənaətlə bağlı məlumatlar dərc ediləcək.
 "Sherg.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O, qeyd edib ki, metro elektriklə çalışdığı üçün yaşıl nəqliyyat növü hesab olunur:
“Elektrik enerjisinə qənaət edilməsi ətraf mühit üçün ən vacib məsələlərdən biridir. Bakı metrosuna gətirilən yeni qatarların hər biri enerjidən səmərəli istifadəyə yönəldilib. Bu istiqamətdə nəticələr yeni qatarlar gəldikdən sonra daha aydın hiss edilir”.
B. Məmmədov bildirib ki, ilin sonuna qədər Bakıda istifadəyə veriləcək yeni nəsil 7 qatar da bu prosesə öz töhfəsini verəcək:
“Qatarlar qənaət etdiyi elektrik enerjisini digər qatara yaxud elektrik yarımstansiyasına ötürür. Bu, ilk növbədə ekologiyanın qorunması baxımından vacibdir. Bakı metropoliteni ən böyük enerji istehlakçısı olduğu üçün enerjiyə qənaət mühüm əhəmiyyət kəsb edir və bu, sərnişindaşıma xərclərinə də təsir göstərə bilər”.