“Xatırlayıram, 20 Yanvar faciəsinin 31-ci ildönümündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özünün "Facebook" səhifəsində paylaşım edərək 20 Yanvarı “Milli iradəmizin zəfər çaldığı gün” adlandırmışdı. Həqiqətən də 20 Yanvar milli iradəmizin zəfər günü, azadlığa, suverenliyə atılan ilk addım idi. 2020-ci ildə Ali Baş Komandanın “İrəli” əmri ilə düşmən üzərinə atılan və xalqımıza şanlı qələbə sevincini yaşadan əsgərlərimiz də məhz həmin qanlı, lakin fəxarət duyduğumuz o günün yetirmələridir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Azərbaycan Prezidenti yanında Dövlətçilik və İdarəetmə Akademiyasının professor, sabiq millət vəkili Həvva Məmmədova dedi. H.Məmmədova qeyd etdi ki, Azərbaycan xalqının azadlıq tarixində 20 Yanvar müstəsna əhəmiyyətə malikdir:
- Qanlı 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahibdir. Bunu mütləq qeyd etməliyəm ki, 20 Yanvar faciəsinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti tərəfindən ilk dəfə siyasi-hüquqi qiymət verilib. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini alıb. 20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə, hüzn günü kimi qalmamalıydı, çünki həmin gün xalqımız azadlıq, suverenlik arzusunun reallaşdırmağa başlayırdı. Və sonrakı illər də göstərdi ki, Azərbaycan xalqı ulu öndərin, daha sonra isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azadlıq və suverenliyinə, dövlətçiliyinə sahib çıxmağı bacarır. Bu mənada 20 Yanvarın xalqımızın taleyindəki və tarixindəki yeri məna və mahiyyət baxımından daha mötəbərdir. 20 Yanvar Azərbaycan xalqının tarixinə həm də fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olub. Xalqımız XX yüzilliyin sonunda əvəzedilməz qurbanlar verdi, amma əsrlərlə iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan bir tarix qazandı. Bütün dünyaya sübut etdi ki, biz bir millət olaraq haqq-ədaləti bərqərar etməyə və öz ləyaqətimizi qorumağa qadirik. Odur ki, Qanlı Yanvar Azərbaycan xalqı üçün faciə olmaqdan daha çox ləyaqətini qorumaq baxımından ən uca zirvə, bu yolda hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi yazıldı. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin xatirəsini hər zaman uca tutur.